Təhsil naziri qəbul zamanı testə düşən suallarla bağlı narahatlığını dilə gətirdi

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Ali təhsil haqqında" qanun layihəsi müzakirə edilərkən təhsil naziri Emin Əmrullayev narahatlıq doğuran məqamları açıqlayıb.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından "Ali təhsil haqqında" qanun layihəsi mühüm əhəmiyyət kəsb edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin müzakirələri zamanı deyib.

Nazir bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətimizdə olan məsələlərdir. Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir.

Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda artıq öz 100 yaşını qeyd edən ali təhsil sistemi mövcuddur. Bu baxımdan ənənələrimiz və bizə qalan miras var. Amma həyat sürətlə inkişaf edir və yenilikləri də özü ilə gətirir:

"Biz yeni qanun layihəsini ortaya qoymaqla təhsilin pillələri və səviyyələri anlayışlarından imtina etmirik. Təhsilimizdə təsnifat mütləq lazımdır".

Təhsil naziri vurğulayıb ki, burada üç əsas məqam var. Belə ki, qanun layihəsinin böyük hissəsi ənənələrə söykənir. Tədqiqatlar, araşdırmalar, mütəxəssislərin rəyləri məsələnin ikinci tərəfidir. Bir də məsələnin emosional tərəfi var. Seçim zamanı əsas hədəf şəffaflığın təmin olunmasıdır.

Nazirliklə DİM arasındakı ənənəvi ixtilaf

Qeyd edək ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentləri və onların valideynlərini ən çox narazı salan məqamlar təhsil proqramlarında əksini tapmayan mövzulara dair sualların imtahanlara salınmasıdır. Üstəlik açıq sualların dəqiq yoxlanılmaması və bəzən düzgün cavabların səhv kimi qəbul edilməsi halları da var. Bəzən bu hallar apellyasiya şikayətləri nəticəsində aradan qaldırılsa da, ümumi problem olaraq qalmaqdadır. Valideynlər hesab edirlər ki, test imtahanı sisteminin üstünlüyü imtahanın nəticələrinin hesablanmasının insan amili ilə birbaşa əlaqəsinin olmamasında idi. Açıq sualların yoxlanması zamanı isə nəticələr obyektivlikdən çox insan amili və cavabları yoxlayanların subyektiv rəyindən asılı olur. Bu isə imtahanın nəticələrinin obyektivliyinə şübhə oyadır. 

Təhsil Nazirliyi bu tip problemlərin ortaya çıxmasında DİM-i günahlandırır. Hesab edir ki, DİM imtahan suallarını tərtib edərkən Təhsil Nazirliyi strukturlarındakı mütəxəssisləri prosesə cəlb etmir və yaxud onların rəyini nəzərə almır. 

Bu tip amillər Azərbaycanda Təhsil Nazirliyi ilə Dövlət İmtaham Mərkəzi arasında ənənəvi ixtilafın əsasını təşkil edir. 

Milli Məclisdə müzakirə 

İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir.

İclasda təhsil naziri Emin Əmrullayev, təhsil nazirinin müavinləri, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və digər ali təhsil ocaqlarının nümayəndələri iştirak edirlər.

İclasın gündəliyinə bir məsələ daxildir.

Komitə üzvləri "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanununun işçi qrup tərəfindən hazırlanmış layihəsini müzakirə edirlər.