SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Revanş olmayacaq: ermənilər Azərbaycanla sülh yolunu seçdilər

Hərbi ekspert İqor Korotçenko Sputnik-in Cənubi Qafqazla bağlı suallarını cavablandırıb. O, müsahibəsində daha çox Azərbaycanda Türkiyə hərbi bazaları və ermənilərin seçimi məsələsinə diqqət ayırıb.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Parlament seçkilərinin nəticəsini kimin necə şərh etməsindən asılı olmayaraq, ermənilər sülhə səs verdilər. Bu fikri Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Sputnik-ə müsahibəsində səsləndirib.

Azərbaycanda Türkiyə bazalarına ehtiyac varmı?

Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yaradılması məsələsini şərh edən Korotçenko (bu yaxınlarda Türkiyə lideri belə bir ehtimalın olduğunu dilə gətirmişdi) bildirib: Rusiyanın hadisələrin bu cür inkişafını, yumşaq desək, alqışlamayacağına baxmayaraq, bu, Bakı və Ankaranın qarşılıqlı münasibətləri ilə bağlı məsələdir.

Bununla yanaşı, ekspert hesab edir ki, Qarabağla bağlı üçtərəfli bəyanatın geniş miqyaslı icrasına nail olmaq mümkün olarsa, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlayar, həmçinin nəqliyyat dəhlizləri layihələri həyata keçirilər və Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının yenidən qurulması reallaşar. Bütün bunlar isə Azərbaycan ərazilərində türk bazalarının meydana çıxmasını istisna edəcək, çünki praktik olaraq bunun heç bir mənası qalmayacaq.

"Əgər hadisələr başqa ssenari üzrə inkişaf etsə, Ermənistanda revanş arzusunda olanlar hakimiyyətə gəlsələr, onda bölgədən, nə desən gözləmək olar", – deyə Korotçenko vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi Cənubi Qafqaz bölgəsində xarici hərbi hissələrin əlavə gücləndirilməsini istisna edən ssenarini alqışlayacaq. Buna isə yalnız üçtərəfli formatda qəbul edilmiş bəyanatların və sonrakı qərarların ciddi və aydın şəkildə həyata keçirilməsi əsas ola bilər.

Revanş olmayacaq

Bu yaxınlarda Ermənistanda növbədənkənar parlament seçkisi keçirildi və Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr qətiyyətli qələbə qazandılar. Paşinyan revanş ideyasını dəstəkləmir, onun bir sıra bəyanatlarını isə dialoqa hazır olmaq, qonşularla münasibətlərin normallaşdırılması kimi qələmə vermək olar. Korotçenkonun fikrincə, erməni cəmiyyəti öz seçimin etdi, bu seçim isə müharibədən deyil, sülhdən yana oldu.

"Əgər erməni cəmiyyətinin bu arzusu Paşinyanın yeni hökuməti tərəfindən nəzərə alınsa, bu, bölgədə hadisələrin sülh variantına uyğun inkişafına şans verəcək. Ancaq hər bir halda mən günü bu gün Azərbaycan ərazisində türk bazalarının yaradılması ehtimalını görmürəm. Azərbaycanın özünün hərbi potensialı kifayət qədər yüksəkdir və iqtisadi amillərlə gücləndirilir", – ekspert belə hesab edir.

Ermənistan sülhə hazırdırmı?

Sputnik-in həmsöhbəti, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarına da diqqət çəkdi. Onun sözlərinə görə, Azərbaycan lideri hər zaman Ermənistanla dinc və mehriban qonşuluq münasibətləri qurmağa hazır olduqlarını bəyan edib. Bundan başqa, son zamanlar dövlət başçısı bir neçə dəfə Yerevana bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh müqaviləsi imzalamağı təklif edib.

"Ancaq ortaya belə bir sual çıxır: Ermənistan buna hazırdırmı? Cavab vermək çətindir. Çünki Ermənistan və erməni elitası hələ də əvvəlki kimi Dağlıq Qarabağla bağlı iddialar irəli sürürlər. Azərbaycan üçün Qarabağ münaqişəsi bitib. İkinci Qarabağ müharibəsinin nəticələri bu məsələyə nöqtə qoydu. Və yenə ortaya sual çıxır: Erməni siyasi elitası qonşu dövlətə qarşı ərazi iddialarından əl çəkməyə hazırdırmı?"

Ekspertin sözlərinə görə, hazırda Ermənistanda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmayan qüvvələr var. Bununla belə, seçkinin nəticəsinin necə qələmə verilməsindən asılı olmayaraq, erməni xalqı sülhə səs verib. Və Paşinyan da iqtisadi inkişaf məntiqindən çıxış edərək bölgədəki ölkələrlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə məcbur olacaq.

Paşinyan bunu reallaşdıra biləcəkmi, bunun üçün onun siyasi resursu kifayət edəcəkmi, erməni cəmiyyəti daxilindəki münasibət dəyişəcəkmi? Ekspertin fikrincə, bu suallara cavab vermək çətindir.

"Çünki hazırda çox mürəkkəb proseslər gedir, üstəlik, İkinci Qarabağ müharibəsinin başa çatmasından da bir o qədər çox vaxt keçməyib. Ermənistanda çoxları üçün bu, psixoloji travmadır", – deyə ekspert bildirib.

"Ancaq hər bir halda, mənə elə gəlir ki, erməni cəmiyyəti yeni müharibəyə deyil, sülhə səs verəcək. Və bu, Bakının mövqeyinin Yerevanda qəbul ediləcəyinə şans verir", – deyə Sputnik-in müsahibi fikrini yekunlaşdırıb.