Nazirlər Kabinetindən ictimai nəqliyyatla bağlı növbəti qərar

Nazirlər Kabinetinin xüsusi karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı qəbul etdiyi qərara əsasən Bakı Metropolitenində də sərnişindaşıma fəaliyyəti dayandırılır.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Nazirlər Kabineti xüsusi karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı qərar qəbul edib.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" 25 iyun tarixli qərarında bildirilirdi ki, "Bakı Metropoliteni" iyun ayının sonuna qədər həftənin bütün günlərində fəaliyyət göstərəcək. Metropolitendən bildirmişdilər ki, iyun ayı üçün iş qrafikində dəyişiklik edilməyib.

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldığına və vaksin olunanların sayı artdığına görə karantin rejimi bu ilin may ayında yenidən yumşaldılıb. Nəticədə Bakı Metropoliteninin fəaliyyətinin bərpasına qərar verilib. Mayın 31-dən metro fəaliyyətini davam etdirməyə başlayıb.

Onu da bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabırın 19-dan dayandırılmışdı. Onun fəaliyyətinin bərpası paytaxt sakinləri tərəfindən müsbət qarşılanmışdı.