MƏDƏNİYYƏT

Ajda Pekkan Azərbaycandan gələn milyonluq təklifi rədd edib

Azərbaycandan 100 min avroluq (1 milyon 46 min lirə) səhnə təklifi alan superstar Bodrumdan başqa yerdə səhnəyə çıxmaq istəmədiyini bildirib.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Məşhur türkiyəli müğənni Ajda Pekkan qarşıdan gələn Qurban bayramında səhnəyə çıxmaq üçün Azərbaycandan təklif alıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycandan 100 min avroluq (1 milyon 46 min lirə) səhnə təklifi alan superstar bu təklifi rədd edib. Müğənni Bodrumdan başqa yerdə səhnəyə çıxmaq istəmədiyini bildirib.

Xatırladaq ki, Türkiyə estradasının ulduzu 2018-ci ildə Heydər Əliyev Sarayında konsert verib.

Pekkan tamaşaçıları Azərbaycan dilində salamlayıb: "Azərbaycanlı dostlarım, sizi görməyə xoşbəxtəm. Sizin diliniz üçün ürəyim gedir. İllər əvvəl bu qədər yaxın dildə danışdığımızı başa düşməmişdim".

Qeyd edək ki, Ajda Pekkanın Bakı konserti "Nargis" jurnalının 5 illiyinə həsr olunmuşdu. Müğənni Bakıya "Nargis" Nəşriyyat Evinin rəhbəri Ülviyyə Mahmudovanın dəvəti ilə gəlmişdi.

Məlumat üçün bildirək ki, müğənninin əsl adı Ayşe Ajda Pekkandır. Türk hərbi zabiti və bir evdar qadın ailəsində anadan olan Pekkanın uşaqlığı Şakir dəniz bazasında keçib.

Uşaqlıqdan müğənni olmaq arzusunda olan sənətçi 1965-ci ildə səhnəyə ilk addımlarını atıb. 1970-ci illərdə Avropada tanınmağa başlayan ulduzun 20-dən çox musiqi albomu buraxıb. Həmin albomlar 30 milyondan çox satılıb. 1980-ci il aprelin 19-da Hollandiyada “Eurovision” mahnı müsabiqəsində "Petrol" mahnısı ilə Türkiyəni təmsil edib və 15-ci yeri tutub.