CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı nazirin Netflix-dən gözləntiləri

Nazir vurğulayıb ki, Azərbaycanın turizm potensialı keyfiyyətli yerli filmlərin çəkilməsi və onların xaricdə nümayişi ilə daha da güclənə bilər.
Sputnik

BAKI, 28 iyun — Sputnik. “Azərbaycanda kino çəkilişi üçün hər cür şərait var. Artıq bizim “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq dünyaya Azərbaycanın potensialını nümayiş etdirmək üçün bir vasitə olacaq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Mədəniyyət naziri Anar Kərimov bu gün Beynəlxalq muğam mərkəzində “Filming Azerbaijan” Azərbaycan Film Komissiyasının açılış mərasimində çıxış edərkən söyləyib.

Nazir vurğulayıb ki, Azərbaycanın turizm potensialı keyfiyyətli yerli filmlərin çəkilməsi və onların xaricdə nümayişi ilə daha da güclənə bilər.

Tədbirdə Nazirlər Kabinetinin, dövlət qurumlarının, diplomatik missiyaların nümayəndələri, habelə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Rusiya “Lenfilm” kinostudiyasından qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

Filming Azerbaijan

Qeyd edək ki, “Filming Azerbaijan” Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Qurumun missiyası Azərbaycanı film istehsalı üçün nadir və iqtisadi cəhətdən səmərəli məkan kimi tanıtmaq və ölkənin audiovizual sektorunun potensialından səmərəli istifadə etməkdir.

Azərbaycan Netflix-də

Bu il fevralın 11-də "Netflix" platformasında ilk dəfə Azərbaycanla bağlı film nümayiş olunub. İndoneziya istehsalı olan "Leyla-Məcnun" filminin müəyyən hissələri İndoneziyada, bir qismi də Bakıda çəkilib. İndoneziyalı müəllim qıza elçi gəlir, o isə oğlan evinin qarşısında iki şərt qoyur: müəllimlik peşəsini davam etdirmək və Azərbaycana gəlmək. Bakıya gələrkən isə burada Samir adlı oğlana aşiq olur.

Filmin rejissoru və ssenaristi Monti Tiua, həmsenaristi Alim Sudiodur. Leyla rolunu Aça Septriasa, Samir (Məcnun) rolunu Reza Rahadian, Leylanın nişanlısı İbnunu (İbn-Salam) isə Baim Uonq ifa ediblər.

Azərbaycanlı aktyorlar Murad İsmayıl, Aida Cəbiyeva, Zülfiyyə Eldarqızı və Sevda Çingiz isə filmdə epizodik rollar oynayıblar.

Eləcə də oxuyun:

  • İndoneziyalı Leyla ilə azərbaycanlı Məcnunun eşqi Netflix-də - VİDEO

  •  Anar Kərimov teatrlar və abidələr barədə: Qarabağ prioritetdir, amma...