Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib
Sputnik

BAKI, 26 iyun — Sputnik. İyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başlayıb. Generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, Süleyman Sulkeviç Baş Qərargah rəisi təyin ediliblər.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.