CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı

Ötən ilin payızında baş tutmuş Qarabağ uğrunda Vətən müharibəsinin silahlı qəhrəmanları ilə bərabər tibb işçiləri də fövqəladə işlər görüblər.
Sputnik

BAKI, 26 iyun — Sputnik. Həkimlər müharibənin ən ağır və məsuliyyətli yükünü daşıyanlardandırlar. Vətən Müharibəsi zamanı ön və arxa cəbhədə xidmət aparan həkimlərimizin müstəsna xidmətləri olub. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Ümumi cərrahiyə şöbəsinin müdiri Nazim Əfladdin oğlu Kəlbiyev 2-ci Qarabağ müharibəsinin iştirakçılarından olub. 1978-ci ildə Lənkəran rayonu Şağlakücə kəndidə doğulan Nazim həkim Sputnik Azərbaycan-a müsahibəsində Vətən Müharibəsi zamanı apardığı xidmətdən danışıb.

- Vətən müharibəsində iştirak etmisiniz. Müharibəyə könüllü getdiniz, yoxsa çağırıldınız?

- Ötən ilin 21 sentyabrında həkimlər təlimlərə çağırılanda mən də onların sırasında idim. Biz Beyləqan rayonunda təlimdə olduğumuz zaman sentyabrın 27-də ermənilərin atəşkəsi pozduqlarını və bizim qoşunların əks-hücum əməliyyatlarına başladığı xəbərini aldıq. Artıq müharibənin ilk günlərindən mən də həkim-cərrah kimi xidmətə cəlb olundum. Sentyabrın 21-dən təlimlərə cəlb olundum, 3 ay 10 gündən sonra, yəni, 31 dekabrda evə qayıtdım.

Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı

- Müharibə zamanı səhra hospitalında xidmət aparırdınız?

- Döyüşlərin ilk günlərindən xidmətim Füzuli rayonu ərazisində yerləşən Hərbi hospitaldan başladı. Cəsur əsgərlərimiz torpaqlarımızı işğaldan azad etdikcə biz də onların ardıyca irəliləməyə başladıq. Həkimlərin bir qismi Beyləqan tərəfdə, biz isə Füzulinin Horadiz qəsəbəsi istiqamətinə getdik. Horadizdən sonra isə Cəbrayıl və Hadruta getdik. Mənimlə bir yerdə Lənkərandan xidmətə gələn Azər həkim Cəbrayıla xidmətə getdi mən isə Hadruta. Mənimlə bərabər xidmətə gedən həkimlərdən Mirlətif Ağayev isə Qubadlı rayonu işğaldan azad olunarkən şəhid oldu.

- Müharibə zamanı hospitalda xidmət apararkən yadınızda qalan ən dəhşətli hadisə...

- Müharibədir də, dəhşətli səhnələr çox idi. Birincisi, müharibə yaxşı şey deyil və heç kimə müharibə arzulamaram. Oraya elə-belə yaralılar gəlmirdi. Kiminin əli yox, kiminin ayağı və ya bədəninin bir hissəsi yoxdur. Bəzən şəhidlərimizin nəşi tanınmaz halda gəlirdi, tankın içərisində yanmış halda. Yəni, təkcə ağır vəziyyətlər deyildi. Bir dəfə də bir bölük komandiri gəlmişdi 5 gün yaralı vəziyyətə döyüşüb və hospitala gələndə sinəsində alma böyüklüyündə dəlik var idi. Güllə dəlib keçən yara idi, damarları zədələnmişdi amma xoşbəxtlikdən ağ ciyərlərinə heç bir şey olmamışdı. Təsəvvür edin yaralanıb, cəbhədə ilkin yardım edib qanaxmanı dayandırıblar, 5 gün bu cür vəziyyətdə döyüşüb. Ondan soruşanda ki "Niyə müalicəyə gəlmirdin?" "Uşaqlar orada tək qalıblar, mən necə gələydim? Yaramı sarıyın, mən yenidən gedirəm döyüşə" cavabını verdi. Mən də dedim "hara gedirsən, artıq yarada cürümə başlayır". İnanın o zabiti zorla geriyə - Füzulidəki hospitala göndərə bildim. Uşaqlarımızın hamısında o ruh yüksəkliyi var idi. Elə əsgər var idi ki, qəlpə dabanını tam aparıb amma ayağını sarıtdırdı və və döyüşə qayıtdı. Çoxunu hospitalda saxlaya bilmirdik, bədənində qəlpə dolu, 1-2 gün müalicə alırdı və yenidən ön cəbhəyə gedirdi.

Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı

- Həmin ərəfədə sizdə psixoloji vəziyyət necə idi?

- Hər cür vəziyyətdə olurduq. Gün olurdu yüzlərlə yaralı gəlirdi. Təsəvvür edin, bir əsgər var idi, hər iki ayaqlarını itirmişdi. Həkimlərlə qalmışıq başı üstə, indi bu əsgərə ayaqlarının olmadığını demək lazımdır, amma bilmirik necə deyək? Bizə baxıb gülərək "Bilirəm ayaqlarım yoxdur. Qorxmayın Vətən sağ olsun!" dedi. İnanın, bu sözlər həmin an adama necə təsir edirdi? Ruh yüksəkliyimiz də olurdu sarsıntımız da. Müharibədir, hər şey olur! Bəzən elə də olurdu ki, müalicə etdiyimiz əsgərin yenidən cəbhəyə qayıtdıqdan 3 gün sonra şəhid olduğunu eşidirdik. Bu özü bir ayrı ağrıverici idi. Yadda qalan əsgərlərdən biri də var idi. Özü yeriyərək gəlib, amma boynunda 5 sm uzunluqda qəlpə qalıb. Bu boyundur e, qəlpə bir az dərinə işləsə idi əsgərin boynu işləməyəcəkdi. Ona təəccüblə bu halda necə gəldiyini soruşdum. "Məndən də ağır vəziyyətdə olanlar var, bu yara nədir ki?" dedi. Orada olan uşaqların hamısı yadda qalan idilər. Lənkərandan şəxsən tanıdığım və müalicə etdiklərimdən İlqar adlı qazi var idi. O ermənilərin atdığı top mərmisinin partlayış dalğasından güclü xəsarət almışdı. Danışığında da problem var idi. Başqa bir lənkəranlı Urfan adlı əsgər var idi, o aldığı güclü kontuziyadan nitqini tamamilə itirmişdi. Nəsə istəyəndə və ya soruşanda kağızda yazıb bizə bildirirdi. Orada Azərbaycanımızın hər yerindən əsgərlər var idi.

- Müharibə vaxtı sizin sonuncu xidmət yeriniz hansı rayonda oldu?

- Hadrutda ermənilərin bir xəstəxanası olub. Bizim rəşadətli əsgərlərimiz Hadrutu işğaldan azad etdikdən sonra həmin xəstəxananı hərbi hospitala uyğunlaşdırdıq və orada yaralılarımızı qəbul edirdik. Biz iki həkim qrupuna bölünmüşdük. Bir qrup Hadrutda idik, digər qrup isə Cəbrayılda yerləşdirilmişdi. Yəni, yaralıların gəlmə istiqamətinə uyğun hər iki hospital yaradılmışdı. Cəbrayıla yaxın olanlar oradakı hospitala yerləşdirilirdi, Hadruta yaxın olanlar bizim yerləşdiyimiz hospitala gətirilirdi. Sonuncu xidmət yerimiz Şuşada olmalı idi, amma noyabrın 10-da gecə yarısı uşaqların sevinc səsinə oyandıq. Müharibənin bitdiyinə və qələbə qazandığımıza sevinirdik. Çox heyif Şuşaya getmək qismət olmadı. Həm Hadrut hospitalında yaralıların müalicəsi var idi, həm də hospitala məni Baş cərrah təiyin etdilər. O səbəbdən də gedə bilmədim".

Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı

- Müharibədən öncə hərbi həkim kimi xidmət etmisinizmi?

- 2002-2004-cü illərdə Ağdam rayonu ərazisində hərbi həkim-cərrah kimi xidmət etmişəm. Həmin illərdə leytenant rütbəsi ilə xidmətə başladım, Baş leytenant rütbəsilə isə ehtiyata buraxıldım. Vətən müharibəsinə getməzdən əvvəl təlimlərə çağırılanda Baş leytenant rütbəsi ilə getdim, müharibədən qayıdanda isə artıq Kapitan idim.

- Sağaltdığınız qazilərdən müharibədən sonra sizinlə əlaqə saxlayan olubmu?

- Təbii ki var. Orada elə idi ki, müalicə etdiyimiz qazilərdən tanıdıqlarımız da var idi, tanımadıqlarımız da. Müharibə gedirdi, yaralılar çox idi. Bizim məqsədimiz uşaqları sağaltmaq idi. Amma əsgərlərin elələri olurdu ki, müalicəsini bitirib gedəndə mənim mobil nömrəmi götürürdülər. Yəni, kimlər mənim nömrəmi götürübsə indi də əlaqə saxlayırlar.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.