BAKI, 26 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən, son sutkada COVID-19-dan ölüm olmayıb.
İndiyədək ölkədə ümumilikdə 335796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330026 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, ötən müddət ərzində isə ümumilikdə 3722499 test aparılıb.
Koronavirus bəlası
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.
Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.