İQTİSADİYYAT

Azərbaycan nefti 77 dollara çatır

Qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
Sputnik

BAKI, 29 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 76,77 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,62 dollar artaraq 76,18 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 74,05 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Neft 100 dollaradək yüksələ bilər

"Bank of America" beynəlxalq investisiya bankının proqnozuna görə, səyahətlərlə bağlı tələbatın artması ilə neft qiymətləri gələn il 100 dollaradək yüksələ bilər.

Banka görə, qlobal neft istehlakı iqtisadi canlanma ilə birlikdə istehsaldan daha çox olacaq və ətraf mühitlə əlaqədar olaraq yeni hasilat investisiyaları azalacaq.

Qeyd edək ki, əgər xam neft qiymətləri yenidən üçrəqəmli olarsa, bu, 2014-cü ildən bəri ilk olacaq. 2014-cü ildəki qlobal maliyyə böhranına qədər bir bareli 100 dollar civarında olan xam neft ABŞ-da şist neft istehsalının artmasından sonra yenidən bu səviyyələrə çata bilməmişdi.

"Brent" markalı neftin qiyməti ilin əvvəlindən indiyədək isə 42 faiz artıb. "Brent" neftinin bir barelinin qiyməti sonuncu dəfə 2018-ci ilin oktyabrında 80 dollara yüksəlmişdi.