Xəzərdə balıqların qırılaraq sahilə çıxmasının səbəbi bəlli oldu

Xəzərdə qızılı kefal və sivriburun kefallar yaşayır. Onlar məhz isti havada suda oksigen çatışmazlığı üzündən tələf olublar.
Sputnik

Hövsanda Qumadası ərazisində balıqların ölmə səbəbi məlum olub. Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, balıqların ölmə səbəbi dəniz suyunun temperaturunun artması nəticəsində oksigen çatışmazlığının yaranmasıdır:

"İqlim dəyişiklikləri gedir. İstiləşmə daha intensivləşib. Bu proses əvvəl iyul-avqust aylarında baş verirdisə, bu il anomal istilər iyun ayından başlayıb. Bu gün sahilə çıxan ölü balıqlar əsasən kefal balıqlarıdır. Maydan-iyul aylarında onlar sahilə kürü tökməyə gəlir. Havanın temperaturunun yüksəlməsi nəticəsində suda oksigen çaltışmazlığı yaranıb. Hava küləkli olanda hava su ilə qarışır, bol oksigen yaranır. İsti havalara görə dəniz suyu durğundur. Nəticədə oksigen çatışmazlığı yaranır ki, bu da balıqların məhvi ilə sonuclanır", - deyə M.Axundov bildirib.

M.Axundov onu da deyib ki, bu proses dənizin müxtəlif yerlərdə də baş verə bilər. Onun sözlərinə görə, Bakı körfəzi kimi digər yerlərdə də balıqların ölməsi müşahidə oluna bilər.

AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, ixtioloq Süleyman Süleymanov Sputnik Azərbaycan-a açıqlamasında hazırda hadisə baş verən ərazidə olduğunu söyləyib. O, bildirib ki, araşdırma zamanı balıqların oksigen çatışmazlığından öldüyü üzə çıxıb:

"Son üç-dörd gündür dənizdə temperatur qalxdı. Dənizdə külək olanda oksigen yaranır. Bu gün sahildəki ölü balıqların 99 faizi kefal balıqlarıdır. Xəzərdə qızılı kefal və sivriburun kefallar yaşayır. Balıqlar məhz isti havada suda oksigen çatışmazlığı üzündən tələf olublar".

İxtioloq bu prosesin Xəzərin Qumadası hissəsində qeydə alınmasını isə belə əsaslandırıb: "Kənarda məhv olanları da külək gətirib sahilə çıxardıb. Bu hadisə Xəzərin digər ərazilərində də baş verir. Əvvəlki illərin iyul-avqust aylarında da bu cür hallar qeydə alınıb".

Qeyd edək ki, Hövsanda Qumadası ərazisində sahil ölü balıqlarla dolub. Bu barədə Facebook sosial şəbəkə istifadəçiləri video görüntülər paylaşıb. Paylaşımda bildirilir ki, ölü balıqların qoxusundan dənizə yaxın durmaq olmur:

"Burada hər gün onlarla balıqçılar yığışıb balıq tuturlar. Bu gün isə birdən-birə belə bir mənzərə yaranıb. Bunun səbəbi qısa zamanda araşdırılmalıdır. Böyük ehtimal gecəynən suya tok verilib, iri balıqlar yığılıb, qalanları qalıb. Ya da suya nəsə töküblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən qısa zamanda sizdən açıqlama gözləyirik", - deyə sosial şəbəkə istifadəçiləri bildirib.

12:02

Hövsanda Qumadası ərazisində sahil ölü balıqlarla dolub. Bu barədə Facebook sosial şəbəkə istifadəçiləri video görüntülər paylaşıb. Paylaşımda bildirilir ki, ölü balıqların qoxusundan dənizə yaxın durmaq olmur:

"Burada hər gün onlarla balıqçılar yığışıb balıq tuturlar. Bu gün isə birdən-birə belə bir mənzərə yaranıb. Bunun səbəbi qısa zamanda araşdırılmalıdır. Böyük ehtimal gecəynən suya tok verilib, iri balıqlar yığılıb, qalanları qalıb. Ya da suya nəsə töküblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən qısa zamanda sizdən açıqlama gözləyirik", - deyə sosial şəbəkə istifadəçiləri bildirib.

Sputnik Azərbaycan sahilə ölü balıqların çıxmasının səbəbini araşdırmaq məqsədilə Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundovla əlaqə saxlayıb. M.Axundov sahilə ölü balıqların çıxmasından xəbərdar olduğunu, hazırda araşdırma aparmaq üçün həmin əraziyə getdiklərini bildirib. M.Axundov deyib ki, buna istilərin səbəb olduğu, yaxud oksigen çatışmazlığı üzündən baş verdiyi barədə indidən qəti fikir söyləmək olmaz:

"Biz indi həmin əraziyə gedirik. Orada balıqların ölməsinin səbəbini araşdıracağıq. Məsələ barədə mətbuata geniş açıqlama veriləcək".

Sputnik Azərbaycan-a açıqlama verən ekoloq Telman Zeynalov isə bildirib ki, belə hallar müxtəlif səbəbdən baş verə bilər:

"Birinci səbəb o ola bilər ki, suda oksigen qıtlığı yaransın. Suda oksigen qıtlığı isə elə-belə yaranmır. Atmosferlə suyun arasında əlaqə pozulur. Bildiyimiz kimi, hava isti olduqca suda buxarlanma gedir. Neftlə çirklənmiş suda isə buxarlanma prosesi getmir. Bu zaman hava ilə su arasında əlaqə pozulur. Amma bu tərəfdən də SOCAR iddia edir ki, dənizə neft axıdılmır".

T.Zeynalov onu da ehtimal edir ki, brakonyerlər balıq tutarkən suya elektrik veriblər. Yaxud da balıqlar hansısa zəhərli maddədən ölüb.

Ekoloq hesab edir ki, məsələni araşdırmadan dəqiq fikir söyləmək olmaz.

Xatırladaq ki, buna bənzər hadisə bir dəfə də baş verib. 2019-cu ilin iyul ayının 1-də Xəzərin Novxanı, Pirşağı, Bilgəh və sair ərazilərində sahilə xırda ölü balıqların çıxması müşahidə olunmuşdu. Çimərlik ərazisinə gedən paytaxt sakinləri ölü balıqların sahilə çıxmasını əks etdirən görüntüləri sosial şəbəkələrdə paylaşmışdılar.