BAKI, 25 iyun — Sputnik. İkinci Qarabağ müharibəsi günlərində azad olunan ərazidə bir binanın divarında "Maştağa 1 N-li internat" sözlərini yazaraq çoxlarını təsirləndirən Elçin Əhmədovun uşaqlığı da elə müharibə illərinə - I Qarabağ müharibəsinə təsadüf etmişdi. Çox kiçik olarkən avtomobil qəzasında valideynlərini itirən Elçinin daha sonrakı həyatı internatda keçib. İnternatdan səngərə doğru yürüyən qəhrəmanımız II Qarabağ müharibəsində bizim qələbə tariximizi yazanlardan oldu.
O, bu gün müharibədə göstərdiyi xidmətlərə görə təltif olunmayanlar arasındadır. Bu barədə özü də "Facebook" sosial şəbəkəsində status yazıb. Sputnik Azərbaycan Elçin Əhmədovla əlaqə saxlayıb: "İnanın, medal davası etmirəm. Sadəcə təəccüblənirəm ki, görəsən, nə baş verir? Hadrut, Xocavənddə ağır döyüşlərimiz olub. Dəmirçilər, Sığnaq kəndlərində də ağır döyüşlərimiz olub. Bütün döyüşlərdə də sona kimi meydanda oldum. O qədər real döyüş kadrlarım da var. Yanımda olan, mənimlə çiyin-çiyinə döyüşən komandirim özü də təəccübləndi ki, niyə mənim adım o siyahıda yoxdur".
Qeyd edək ki, könüllü olaraq cəbhəyə yollanan Elçin Əhmədov 2-si qız olmaqla 3 uşaq atasıdır. O, oktyabrın 15-dən son günədək döyüş meydanında olub.
Vətən müharibəsi
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızdan yanvarın 11-dək 2841 nəfəri dəfn edilib, 64 nəfər itkin düşmüş sayılır.
44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.
Azərbaycan Prezidenti 2020-ci ilin dekabrında və 2021-ci il iyunun 24-də Vətən müharibəsində rəşadət göstərmiş bir qrup hərbçimizin müxtəlif orden və medallarla təltif olunması ilkə bağlı Sərəncamlar imzalayıb.
Eləcə də oxuyun:
Bir qrup hərbçi "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi – SİYAHI
Oğlumun baş daşını qucaqlayıb bayramını təbrik edəcəyəm - Şəhid anası hər kəsi kövrəltdi
Şəhid ailə üzvləri, yaralı hərbçilərlə bağlı vahid əlaqələndirmə mərkəzləri yaradılır
Vətən müharibəsi iştirakçısı ilə paralimpiyaçı ailə qurub