Macarıstandan olan qladiatorlar və finaldakı İtaliya

Sputnik Azərbaycan azərbaycanlı futbol mütəxəssisləri ilə qrup və pley-off mərhələlərindəki komandaların perspektivləri barədə söhbətləşib.
Sputnik

BAKI, 25 iyun — Sputnik. Azərbaycanlı futbol ekspertləri bu günlərdə keçirilən futbol üzrə 2020-ci ilin Avropa çempionatında qələbəyə əsas namizədləri göstəriblər.

AVRO-2020 qrup mərhələsi artıq geridə qalıb və 1/8 final mərhələsinin iştirakçıları məlumdur. Bu isə o deməkdir ki, Avropa çempionatına artıq yekun vurmaq olar. Sputnik Azərbaycan azərbaycanlı futbol mütəxəssisləri ilə qrup və pley-off mərhələlərindəki komandaların perspektivləri barədə söhbətləşib.

Xatırladaq ki, 1/8 finalın oyunlarının qrafiki aşağıdakı kimidir:

Uels-Danimarka(26 yun), Hollandiya-Çexiya (27 iyun), İtaliya-Avstriya (26 iyun), Belçika – Portuqaliya (27 iyun), Xorvatiya – İspaniya (28 iyun), Fransa – İsveçrə (28 iyun), İngiltərə – Almaniya (29 iyun), İsveç – Ukrayna (29 iyun).

Avropa çempionu artıq məlumdur

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraiyyə komitəsinin üzvü Mahir Məmmədov hesab edir ki, Macarıstan yığması artıq Avropa çempionu adına layiqdir. Qeyd edək ki, "ölüm qrupu"nda olan macarlar Fransa (1:1) və Almaniya (2:2) komandaları ilə heç-heçə oynayaraq Portuqaliya millisinə məğlub olublar (0:3). Beləliklə də, komanda turnirdə çıxışını dayandırıb.

"Mənim üçün Macarıstan komandası artıq Avropa çempionudur. Onların qarşısında baş əyirəm. Çoxdandır ki, bu cür qladiatorlarla qarşılaşmamışdıq. Onlar ruhən güclü, arzunu ustalığa çevirə bilən komandadır. Onlar məni məftun edib! Macarlar portuqallara ancaq son beş dəqiqədə uduzdular, fransızlara ümumiyyətlə məğlub olmadılar, almanları isə 82 dəqiqə "yıxıb-sürüdülər". Bu, tamamilə dəlicəsinə oynayan komandadır", - deyə Məmmədov vurğulayıb.

Azərbaycanın futbol dairələrində Məmmədovu İngiltərə yığmasının azarkeşi kimi tanıyırlar. Lakin ingilislərin pley-off mərhələsinə çıxmağına baxmayaraq, o, britaniyalıların oyunundan razı deyil.

"Mənim üçün bunu etiraf etmək nə qədər ağır olsa da, İngiltərə yığması heç nəyə yaramayan komandadır. Amma, Avropada ən istedadsız komandalar Türkiyə və Rusiya yığmalarıdır. Onlar heç mübarizə aparmırdılar. Bilmək olmur, hazırlıq dövründə nə işlə məşğul olublar? Bu komandalardan savayı hamısı adamı sevindirir", - deyə Məmmədov bildirib.

Çempionatda kimin qalib olacağına gəlincə, AFFA nümayəndəsi bu suala konkret cavab verməkdə çətinlik çəkib.

"İngilislərin bəxti gətirib. Əgər onlar öz meydanlarında almanlara qalib gələ bilsələr, o zaman onların finala yolları açıq olacaq. Bir çoxları italyanların finala çıxacağını deyirlər. İtaliya yığması bəzək-düzəkdir. Hesab edin ki, yaraşıqlı oğlanlar yaraşıqlı, üfüqi futbol oynayırlar, taktiki cəhətdən də hər şey düz hesablanıb. Amma yenə də, onlar hələ ciddi rəqiblərdən heç biri ilə qarşılaşmayıblar. Türkiyəyə nə qədər hörmət etsəm də, onlarda yığma komanda yoxdur. İsveçrəliləri və uelsliləri isə italyanlar öz evlərində udmalı idilər", - deyə Məmmədov bildirib.

Mahir Məmmədov ukraynalıların da ünvanına sərt danışıb.

"Rusiya və Türkiyə komandalarından sonra zəif komandalar sırasına Ukrayna komandasını da əlavə edərdim. Onların çıxışında yeganə müsbət məqam – Hollandiya yığmasına qarşı oyundur. Həm də onlar avstriyalılara qarşı vacib oyunu batırdılar. Onların, sadəcə bəxti gətirdi və onlar pley-off mərhələsinə çıxdılar", - deyə Məmmədov bildirib.

Hollandiya yığma komandası Bakıya gəlməlidir

Bakıda keçirilən AVRO-2020-nin ulduz səfiri Vəli Qasımov belə hesab edir ki, dörddə bir final mərhələsi üçün Bakıya gələcək komandalardan biri dəqiq Hollandiya yığması olacaq.

"Bakıdakı oyunlar çox maraqlı keçdi, səkkiz qol vuruldu. İndi şəhərimizdə hansı komandaların dörddə bir finalda oynacağını gözləyirik. Prinsipcə, Danimarka ilə qarşılaşacaq Uels komandası yenidən Bakıya gələ bilər. Digər cütlükdən isə Bakıya, çox güman ki, çexlərlə oynayacaq Hollandiya yığma komandası gələ bilər. Açığını desək, uelslilərə inam çox deyil, amma hollandiyalıların gəlişi tamamilə mümkündür. Hərçənd, çexləri də hesabdan çıxarmaq olmaz", – deyə Qasımov bildirib.

Ekspert turnirin favoriti olmayan yığmalar arasından isə bir neçə komandanı fərqləndirib.

"Macarlar əla oynadılar, eləcə də Finlandiya yığma komandasını qeyd etmək istərdim. Slovaklar da çempionata pis başlamamışdılar, ancaq sonra yaxşı oynamadılar, ispanlara isə böyük hesabla məğlub oldular. Ümumilikdə, çempionat yaxşı səviyyədə keçdi. Hələ ki, yalnız İtaliya stabil səviyyədə futbol nümayiş etdirir", – deyə Qasımov bildirir.

Yeri gəlmişkən, hazırda davam edən AVRO-2020 avtoqolların sayına görə rekord vurur. Turnirin qrup raundu oyunlarında səkkiz qol vuruldu ki, bu da əvvəlki beş çempionatın analoji göstəricisindən bir qol artıqdır. Bundan başqa, qrup mərhələsində 11 penalti təyin olundu ki, onlardan da 6-sı qolla nəticələnmədi.

"Həqiqətən də bu qədər avtoqol indiyə kimi qeydə alınmamışdı. Bunun nə ilə əlaqədar olduğunu söyləmək çətindir. Yəqin ki, futbolçular meydançada xüsusi canfəşanlıqla oynamağa can atırdılar. On bir metrlik cərimə zərbələrinə gəlincə, görünür, vaxt keçdikcə onları reallaşdırmaq çətinləşir. Əgər əvvəllər penalti 90 faiz qol sayılırdısa, bu gün həmin faiz xeyli aşağı düşüb. Qapıçılar penaltiləri yerinə yetirən əsas oyunçuları diqqətlə öyrənməyə və 11 metrlik cərimə zərbələrinə yaxşı hazırlaşmağa başlayıblar", – deyə Qasımov qeyd edib.

Azərbaycanın futbol veteranı Kazbek Tuayev isə belə hesab edir ki, bir sıra yığma komandaların oyun keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

"Futbolçuların AVRO-2020-də nümayiş etdirdikləri əzmli oyun xoşagələndir. Bundan başqa, oyunçuların ustalığı da xeyli artıb. Bakıda AVRO-2020-nin necə keçirildiyi xüsusilə xoşuma gəldi. Hərçənd, Türkiyə yığma komandasının oyunundan təəssüratım yaxşı olmadı. Şenol Günəşə böyük hörmətim var, o, möhtəşəm məşqçidir, ancaq təəssüf ki, məşqçilər həmişə oyunlarda həlledici rol oynamırlar. Onun futbolçularının səviyyəsi bir o qədər də yüksək deyildi", – deyə Tuayev vurğulayıb.

Futbol veteranı, həmçinin onun öz versiyasına görə, turnirin yekun qələbəsi uğrunda mübarizə aparacaq komandaların adlarını da sadalayıb.

"Məncə, əsas mübarizə İtaliya, Hollandiya, Belçika, Portuqaliya, Fransa və İspaniya yığma komandaları arasında gedəcək. Bu komandaların oyununu izləmək çox xoşdur. Danimarka komandası da sözün yaxşı mənasında bizi təəccübləndirdi. Hərçənd, komanda çempionatın əvvəlində bir qədər uğursuzluqla qarşılaşdı, əsas oyunçusunu itirdi, buna baxmayaraq pley-off mərhələsinə çıxa bildi. Xorvatiya komandası da özünü yaxşı göstərdi. Almaniya isə hələ ki, qeyri-stabil oyun nümayiş etdirir", – deyə Tuayev vurğulayıb.

Rusiya yığma komandasının AVRO-2020-də uğursuz çıxışına gəlincə, ekspert belə hesab edir ki, bunun səbəbi yaxşı oyunçuların olmamasındadır.

"Komandanın birgə hərəkətinin vacibliyindən nə qədər danışılsa da, hər bir halda futbolda həlledici rolu icraçılar oynayır. Bax, Rusiya yığma komandasında belə icraçılar yoxdur, ona görə də onların komandası pisdir. Hərçənd, Stanislav Çerçesov möhtəşəm məşqçidir və o, özü də yaxşı başa düşür ki, komandasının tərkibi zəifdir", – deyə Tuayev əlavə edib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq baş tutub. Bundan başqa, iyulun 3-də paytaxtımızda AVRO-2020-nin ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.