CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazilərin protezlərlə təmin olunma prosesi hansı vəziyyətdədir? - Asif Məcidov açıqlayır

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov deyir ki, qazilərimizin əksəriyyətinin aşağı ətrafları üçün protezlərin təqdim edilməsi yekunlaşmaq üzrədir
Sputnik

“Yetmiş dörd nəfər qazimiz 76 ədəd yüksək texologiya ilə hazırlanmış protezlərlə təmin edilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AzərTac-a açıqlamasında Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov deyib.

Direktor bildirib ki, hazırda daha on dörd nəfərin protezi istehsalat mərhələsindədir: “Düşünürəm ki, həftənin sonuna kimi daha on-on beş nəfərin protezləri təqdim olunacaq. Ümumilikdə bizim 178 amputantımız var. Onlara üçün 186 protezin hazırlanmasına ehtiyac vardır. Artıq onların əksəriyyətinin aşağı ətrafları üçün protezlərin təqdim edilməsi yekunlaşmaq üzrədir. Bizim 40-45 qazimiz qalır ki, onların da aşağı ətrafları üçün protezlərlə təmin olunması gələn ayın ortalarına kimi yekunlaşacaqdır. Düşünürəm ki, yaxın vaxtlarda yuxarı ətraflar üçün protezlərin ölkəyə gətirilməsi təmin ediləcək”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təmin olunması prosesi davam edir. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə protezlər taxılır və onlar müəyyən müddət ərazində reabilitasiya mərhələsindən keçirlər.

Asif Məcidovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz