CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qabiliyyət imtahanı üzrə qeydiyyat müddəti uzadıldı

Dövlət İmtahan Mərkəzi bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanının yeni vaxtını açıqlayıb.
Sputnik

BAKI, 24 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçməyən abituriyentlərə müraciət edib. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat iyulun 1-dək uzadılıb.

Ali təhsil müəssisələrinin bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün iyulun 1-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün yeni imkanın yaradılması (bədən tərbiyəsi və idman istiqaməti üzrə) 31 may – 8 iyun tarixlərində, həmçinin iyunun 21-dən etibarən qeydiyyatdan keçmək imkanı olan, lakin hər hansı bir səbəbdən prosesdə iştirak edə bilməyən abituriyentlər üçün əlavə şansdır.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:

- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki ilin məzunları;

- Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

Subbakalavrlar, qəbul imtahanının birinci mərhələsini verəcək əvvəlki illərin məzunları və ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanından (24 iyun) məqbul qiymət alan abituriyentlər üçün qeydiyyat tarixləri elan olunacaqdır.

İmtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2021-ci il 1-ci sayında verilib.

Qeyd edək ki, 16 iyundan etibarən DİM tərəfindən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarına start verilib. Qabiliyyət imtahanlarında iştirak üçün birinci sənəd qəbulunda müxtəlif komissiyalar üzrə 14215 müraciət qeydə alınıb. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlər (14, 15, 61 və 62-ci komissiyalar üzrə) öz səhifələrinə daxil olub "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib orada qeyd olunan vaxtda imtahanda iştirak etməlidirlər.

İmtahana maska ilə gəlmək və sosial məsafəni gözləmək lazımdır. Abituriyentlər buraxılış vərəqəsi ilə bir yerdə "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir. Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün ikinci qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq.

Qabiliyyət imtahanlarına ikinci qeydiyyat müddətində qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları, subbakalavrlar, II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər, qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər qeydiyyatdan keçə biləcəklər.