RUSİYA

Putin və Ərdoğan Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər

Liderlər arasında şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
Sputnik

BAKI, 24 iyun - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.

Ərdoğan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün rəsmi Moskvanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.

Putin və Ərdoğan müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə uçuşları bərpa etmək qərarına, eləcə də, "Sputnik V" peyvəndinin tədarükünə başladığına görə Rusiya tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı Suriyadakı məskunlaşma məsələləri nəzərdən keçirilərkən, İdlibdə və ölkənin şimal-şərqində gərginliyin artmasının qarşısını almaq və bu ərazilərdə qalan terror qruplarına qarşı mübarizə məqsədi ilə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyətlərinin vacibliyi vurğulanıb.

Vladimir Putin Cenevrədə ABŞ Prezidenti Co Baydenlə aparılan danışıqlarla bağlı təəssüratlarını Türkiyə lideri ilə bölüşüb.

Söhbət əsnasında, həmçinin şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılığa əldə olunub.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.