BAKI, 24 iyun — Sputnik. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlığı üçün mediatur təşkil edib.
Xaçmaz və Quba rayonlarına təşkil edilən mediatur zamanı jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.
Görüş zamanı artıq 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həlli işlərinin sürətlə aparıldığı deyilib. Qeyd olunub ki, son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.
Jurnalistlərə Xaçmaz və Quba rayonlarında da bu işlər getdikcə geniş vüsət alır. Həmçinin şəhid ailəsi üzvləri və yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə həyata keçirilən "Məşğulluq marafonu" barədə də məlumat verilib.
Media nümayəndələri əvvəlcə şəhid Elməddin Alxasovun anası Əsli Alxasova (Xaçmaz) üçün yaradılmış təsərrüfatla tanış olublar. Ailə postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunub. Proqramın dəstəyi sayəsində Alxasova mal-qara ilə təmin olunaraq iribuynuzlu heyvandarlıq təsərrüfatını qurub.
Media nümayəndələri Alxasovlar ailəsinin sosial vəziyyəti ilə tanış ediliblər. Dövlət Məşğulluq Agentliyinin nümayəndələri bundan sonra da ailəyə hər cür dəstək verəcəklərini bildiriblər.
Şəhid anası Əsli Alxasova və onun ailəsi başda dövlət başçısı İlham Əliyev olmaqla onlara dəstək olan hər kəsə minnətdarlıq hissi ifadə ediblər.
Qazi Abdulla Musayevin anası Lalə Musayevaya isə xırdabuynuzlu heyvandarlıq zərfi üzrə aktivlər təqdim edilib. Lalə Musayeva Sputnik Azərbaycan-a müsahibəsində deyib:
"Verilən heyvanların bizə çox köməyi dəyir. Amma onları otarmaq üçün otlaq sahəmiz yoxdur. Mənim 3 oğlum var və üçü də öz ailələri ilə birlikdə bir evin içində yaşayırlar. Qazi oğlumun ailəsinin ev növbəsinə salınmasını xahiş edirəm".
Quba rayonundan olan qazi Nicat Qubatovun atası Urfan Qubatov üçün isə avtomobil şinlərinin təmiri üzrə kiçik biznes sahəsi yaradılıb.
Ümumiyyətlə son bir ildə Quba və Xaçmaz rayonları üzrə həssas əhali qruplarına aid 610 nəfər özünüməşğulluq proqramının dəstəyi ilə aktivlərlə təmin olunublar. Onların kiçik ailə təsərüfatlarının yaradılmasına dəstək verilib.
Şəhid anası oğlunun məslək yoldaşlarını təbrik edib
Mediatur zamanı hər kəsin qəlbini göynədən bir hadisə də baş verib. Belə ki, şəhid Elməddin Alxasovun anası jurnalistlərdən onun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə təbriklərini oğlunun məsləkdaşlarına çatdırmağı rica edib.
"Bu gün oğlum olmasa da, hərbiçilərin qarşıdan gələn bayramını təbrik edirəm", - deyə göz yaşlarını saxlaya bilməyən dərdli ana Əsli Alxasova oğlunun 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününü çox sevdiyini bu sözlərlə ifadə edib.
"O, bu bayramı çox sevirdi. Axı onun bu, onun bayramı idi. Hər dəfə biz də onun bayramını təbrik edirdik. Amma bu il onu təbrik etmək üçün məzarının başına gedəcəyik. Onun baş daşını bağrıma basıb təbrik edəcəyəm. Mən oğlumla fəxr edirəm. Elməddin çox güclü snayper idi. Suqovuşan uğrunda döyüşlərdə şəhid oldu. O, bu gün aramızda yoxdur. Amma hərbiçi, döyüşçü yoldaşları yaşayır. Onların hər birini təbrik edir, Elməddin balamın əvəzinə bağrıma basıram".
Qeyd edək ki, Elməddin Alxasov müddətdən artıq həqiqi hərbi xidmət keçib və 44 günlük Vətən müharibəsində şəhid olub.