Mədət Quliyev Belarusda mühüm görüşlər keçirir

Pantus Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini ifadə edib.
Sputnik

BAKI, 24 iyun — Sputnik. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin iştirak etdiyi Minsk şəhərində keçirilən "MİLEX-2021" 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi davam edir.

Müdafiə Sənayesi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Belarus Respublikasının müdafiə sənayesi komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı nazir son illərdə ölkəmizdə hərbi quruculuq istiqamətində aparılan irimiqyaslı islahatlar çərçivəsində Ordumuzun maddi-texniki bazasının xeyli inkişaf etdiyini, döyüş hazırlığı səviyyəsinin yüksəldiyini xüsusilə vurğulayıb.

Müdafiə Sənayesi Nazirliyinin ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını D.Pantusun diqqətinə çatdıran M.Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərdən və hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərindən söz açıb.

Görüş Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Görüşdən məmnunluğunu bildirən D.Pantus bu cür müzakirələrin ikitərəfli hərbi əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını qeyd edərək, Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini ifadə edib.

İyunun 26-dək davam edəcək sərgi çərçivəsində hərbi-texniki sahədə birgə layihələrin gerçəkləşdirilməsi məqsədilə digər iştirakçı dövlət və hökumət nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

MILEX-2021

Bu il Belarus MILEX silah və hərbi texnika sərgisinin 10 illiyi münasibətilə Minsk şəhərində MILEX-2021 sərgisi keçilir.

MILEX-2021 beynəlxalq silah və hərbi texnika sərgisi 2021-ci ilin 23-26 iyun tarixlərini əhatə edir. 

Tədbirin hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsinə Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantus rəhbərlik edib.

MILEX sərgisi, ənənəvi olaraq, Belarusun müdafiə sənayesinin məhsullarını təqdim etmək, yüksək texnologiyalar sahəsindəki yeni inkişaflarla tanış olmaq, modernizasiya, hərbi texnikanın təmiri və Silahlı Qüvvələrə xidmət göstərən müəssisələrin imkanlarını nümayiş etdirmək məqsədi ilə keçirilir. 2021-ci ildə tədbir 10-cu dəfə keçirilir.