VİDEO

Küçələri süpürən anası ilə hər gün işə gedən Ayana ad günü məclisi quruldu

Sosial şəbəkədə fotoları yayılan, qısa zamanda hər kəsin ən sevimli qəhrəmanlarına çevrilən Şövkətin qızı Ayanın doğum günü yığıncağından görüntüləri Sputnik Azərbaycan-nın videosunda izləyə bilərsiniz.
Sputnik

Balaca Ayanın Bakı küçələrini süpürən anası ilə birlikdə çəkilmiş şəkilləri bu yaxınlarda sosial şəbəkələrdə böyük səs-küy doğurmuşdu. Bundan sonra çoxları bu ailəyə kömək etmək üçün səfərbər oldu. Hazırda Ayanla anasının problemləri ilə Azərbaycan Uşaqlar Birliyinin sədri, uşaq hüquqlarının müdafiəçisi Kəmalə Ağazadə məşğul olur.

İyunun 24-də balaca Ayanın 6 yaşı tamam olur. Bu münasibətlə Kəmalə Ağazadə və "Günəş" xeyriyyə klubunun dəstəyi ilə Sumqayıt şəhərində dəniz sahilində ad günü şənliyi təşkil olunub. Sputnik Azərbaycan-ın əməkdaşları da həmin şənliyə qatılıb, qızcığaza oyuncaq dovşan və rəsm dəsti hədiyyə ediblər.

Xoş ab-havada keçən ad günündə "Azərbaycan Uşaqları Birliyi" QHT-sinin nəzdindəki sığınacaqda qalan uşaqlar Ayana mahnılar oxuyub, onunla birlikdə rəqs edib və öz hədiyyələrini veriblər. Əlbəttə ki, səbəbkara üstündə öz şəkli olan tort da təqdim olunub.

Ayanın anası, əvvəllər Səbail rayonunda xadimə işləyən Şövkət Kəlbiyeva Sputnik Azərbaycan-a hazırda işsiz olduğunu bildirib.

"Bizə maddi cəhətdən kömək etməyə başladıqları və Azərbaycan Uşaqlar Birliyinin sədri qızımın müalicəsinə dəstək verdiyi vaxt uşaqla məşğul olmaq üçün işdən çıxmalı oldum. Yığılan vəsait isə evin təmirinə getdi. Evi özüm təmir etdim, ustaya verməyə əlavə pul yox idi. Amma təmiri başa çatdıra bilmədim, pul çatmadı, odur ki, indi işə ehtiyacım var", – deyə Kəlbiyeva bildirib.

Onun sözlərinə görə, sentyabrda Ayanı məktəbə yola salmaq üçün pul yığmaq arzusundadır.

"Çox istəyirəm ki, qızım yaxşı təhsil alsın, həyatda mənim əldə edə bilmədiklərimə nail olsun. Bizə çətin günlərimizdə kömək əlini uzadan hər kəsə minnətdaram. Ümid edirəm ki, bundan sonra da bizi naümid qoymayacaqlar", – deyə Kəlbiyeva sözlərinə yekun vurub.

Qeyd edək ki, hazırda Ayan adıçəkilən QHT-nin dəstəyi ilə müalicəyə cəlb olunub. Ancaq qıza dəri toxumasının köçürülməsi yalnız bir ildən sonra mümkün olacaq. Uşağın anası dövlətdən heç bir sosial müavinət almır. Bunun üçün Kəlbiyeva sənədlərini qaydaya salmalıdır.

Ancaq hazırda qarşıda duran əsas məsələ qızcığazın təhsil problemini həll etməkdir.