İşçilərini bu havada işlədənlər yüksək məbləğdə cərimələnəcəklər

Dövlət Əmək Müfəttişliyi Xidməti bu havada sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesinin ya dayandırılmalı, ya da fasilə verilməli olduğunu bildirib.
Sputnik

BAKI, 23 iyun — Sputnik. Dövlət Əmək Müfəttişliyi Xidməti isti hava şərtləri ilə bağlı sahibkarlara xəbərdarlıq edib. Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, həddindən artıq isti havada işçilərini işlədən və bu barədə qanunvericiliyin tələblərini pozan işəgötürənləri cərimələr gözləyir.  

Qeyd edək ki, bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

İyunun 23-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti açıq havada, yaxud sərinləşdirici qurğular olmayan yerdə işçiləri işlətməyə cəhd göstərən sahibkarlara xəbərdarlıq etmək məcburiyyətində qalıb.  

Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir: "Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir".

Xidmətin şöbə müdiri onu da əlavə edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Sputnik Azərbaycan-a açıqlamasında hava şəraiti ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

Sutkalıq temperatur normadan xeyli yüksək olduğu üçün və anomal istilərlə əlaqədar açıq havada olanlar ehtiyatlı davranmalıdırlar. Xidmət rəisi deyib ki, onlara açıq havada kölgəli yerlərdə olmaları tövsiyə edilir: "Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur", - deyə U.Tağıyeva bildirib.