Keçmiş əsirlərin dəhşət saçan ifadələri: Ermənilər dişimi kəlbətinlə dartıb çıxarırdılar

Mkrtiçyan və Xosrovyanı Şuşa türməsində tanıyan Kamil Babayev məhkəmədə əsirlik dövrü ilə bağlı tükürpədən açıqlamalar verib.
Sputnik

BAKI, 23 iyun — Sputnik. Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Kamil Babayev tükürpədən açıqlamalar verib.

Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, 1994-cü ilin yanvar ayında hərbi xidmətə çağırılan, fevralın 14-də isə dağda olarkən çovğunun başlaması səbəbindən izi itirdiklərini xatırladaq Babayev əsir düşdükləri günü belə anladıb: 

"Kəndin aşağı hissəsinə düşərək gizləndik. Gördük aşağıdan 3-4 nəfər gəlir. Həmin şəxslər bizi görən kimi dedilər ki, "qorxmayın gəlin, Daşkəsən uşaqlarıyıq". Biz də çıxdıq qoşulduq bunlara. Bir az gedəndən sonra bizim yükümüzü və silahımızı aldılar ki, guya kömək edirlər. Silahımızı verəndən sonra bizi arxadan vurdular özümüzdən getdik. Ayılanda gördük ki, əllərimiz bağlıdır. Bizi Kəlbəcərdə bir sıldırım yerə apardılar. Mənim ayağımı digər əsir yoldaşımın ayağına bağladılar ki, qaça bilməyək".

Zərərçəkmiş əsirlikdə ermənilər tərəfindən başlarına gətirilənlərdən danışarkən deyib:

"Kəlbəcərə çatanda erməni hərbçilər bizim üstümüzə hücum edib döyməyə başladılar. Bizi əsir götürənlər onların qarşısını kəsdi. Sonra hərbi hissəyə gətirib bir dəmir qapılı yerə saldılar. Hərbçilərdən biri mənim titan dişlərimi kəlbətinlə dartıb çıxarmaq istədi, alınmadı, dişimi qırdılar".

Kamil Babayevin dediyinə görə, daha onu Ağdama, oradan isə Xankəndinə gətiriblər, ac-susuz saxlayıblar və hər gecə dəfələrlə döyüblər.

"Əsir düşəndən 3 ay sonra çimməyə soyuq su verdilər. Əsirlikdə olanda döyüb burnumu sındırdılar. Mkrtiçyan və Xosrovyanı Şuşa türməsində tanımışam. Onlar məni təpik, yumruq və armaturla döyürdülər. Xankəndinə ev tikmək üçün apardılar. Bizi işlədib, sonra aparıb Mkrtiçyanla Xosrovyana təhvil verirdilər. Onlar da çatan kimi döyürdülər. Hələ də əsəb xəstəliyindən əziyyət çəkirəm", - deyə Babayev bildirib. 

Xosrovyan azərbaycanlı əsiri çarpayıya bağlayıb döyürdü

"Biz Xankəndi xəstəxanasında olanda Xosrovyan Pənah İsgəndərov adlı əsiri çarpayıya bağlayıb döyürdü". Bu sözləri isə Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Cahid Həsənov deyib.

"Aprel ayında məni Şuşa türməsinə apardılar. Gördüm orada Pənaha həm Mkrtiçyan, həm də Xosrovyan işgəncə verir. Mkrtiçyanın boks əlcəkləri var idi, yeyib içib bizim üstümüzdə məşq edirdi. Rusiyadan bir nəfər var idi, Azərbaycan tərəfindən döyüşlərdə ermənilərə əsir düşmüşdü. Ermənilər onu güllələyib öldürdülər", - deyə zərərçəkmiş bildirib.

Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərin məhkəməsi

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi Yasamal Rayon Məhkəməsində davam etdirilir.

İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında yerli və xarici media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə təqsirləndirilirlər.

Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası iyunun 2-də keçirilib.