BAKI, 22 iyun — Sputnik, Yelena Qarayeva. "Dortmund" məxfi kəlməsi səsləndi və alman təcavüzkarının ağır zərbəsi gecə yuxusunda olan dinc kəndlərə, şəhərlərə, tarlalara, çöllərə, meşələrə, doğmalarımızın, babalarımızın, nənələrimizin, atalarımızın yatdığı evlərə endirildi.
Zərbə onlara dəydi... Yəni bizə, bizim hamımıza...
Səksən il bundan əvvəl "birləşmiş Avropa" qitəsi bütün gücü ilə üstümüzə hücuma keçdi. SSRİ-yə həm Fransanın maşınqayırma sənayesi, həm də Norveçdəki poladəritmə zavodları tərəfindən dəstəklənən vermaxt ordusu hücum etdi, Belçikanın SS batalyonları da bu işə cəlb edildi, Rumıniya aviasiyası da havaya qaldırıldı. Nasist zabitləri Xorvatiya hərbi hissələrinə də əmrlər yağdırırdılar.
Mətbuat da səfərbər edildi. Hitlerin təbliğat maşını ən az onun tankları və təyyarələri qədər diqqətlə yığılmışdı. Yozef Gebbels radio müraciətində vurğulayırdı: "22 iyun 1941-ci ildə Avropa bolşevik-sovet Rusiyasına cavab vermək qərarına gəldi".
Berlin vermaxtın və nasizmin qalib gələcəyinə şübhə etmirdi, ancaq "sovetlərin cavabı" özünü çox gözlətmədi.
Bu cavab Konstantin Simonovun – hamımızın yaxşı xatırladığı çalsaç cəbhə yazıçısı deyil, gənc, o zamanlar 25 yaşında olan "Qırmızı ulduz"un hərbi müxbirinin – göndərdiyi müraciətdə səsləndirildi.
Simonov Qərb cəbhəsinə Böyük Vətən müharibəsinin başlamasından beş gün sonra gəlmişdi və sonralar xatirələrində sərhədçi-zabitlərlə söhbətindən sitatlar gətirirdi. O deyirdi: "Hamının zastavalarda həlak olduğu barədə məlumat aldım. Axıra kimi döyüşmüşdülər. Orada olanların hamısı həlak olmuşdu. Mənim öz ailəm də orada, Qrayev yaxınlığındadır. Arvadım, iki uşağım, anam, bacım... Bu dünyada nəyim, kimim varsa, hamısı oradadır".
Acından ölən uşaqlarını xizəklərlə basdırmağa aparırdılar
Elə həmin gün, iyunun 29-da "Barbarossa" planını işləyib hazırlayanlardan biri, general Qalder öz gündəliyində yazır: "Cəbhədən gələn xəbərlər təsdiqləyir ki, ruslar hər yerdə son nəfərə qədər döyüşürlər". Hərçənd, Qalder öz rəhbərliyinə qələbə məlumatları göndərirdi.
Simonov daha sonra qeyd edirdi: "Bəzilərinin müharibədən sonra nə yazdıqlardan asılı olmayaraq, onda heç kim Şərq cəbhəsində onların tamamilə darmadağın etdikləri sovet ordusunun nə vaxtsa Almaniya ərazisinə girəcəyini ağlına belə gətirmirdi".
Reyxin ən yüksək generallarının qiymətləndirmələri 1940-cı ilin mayında Avropa hakimiyyətinin və xalqlarının davranışlarına əsaslanırdı: cəmi beş həftə ərzində Hollandiya Krallığı (kapitulyasiya sənədi mayın 14-də imzalandı), Belçika Krallığı (kapitulyasiya sənədi mayın 28-də imzalandı) və nəhayət, Fransa (kapitulyasiya sənədi iyunun 17-də imzalandı) nasistlərin ayaqları altına düşdü.
İngilis Ekspedisiya Qüvvələri Dunkerkdən qaçdı, vermaxtın əsgərləri isə bir-bir Avropa paytaxtlarına daxil oldular. Avropalılar onlara müqavimət göstərmədilər. Mənzərəli məkanlarda xoş gəzinti, ləzzətli yeməklər, keyfiyyətli şərab və məğlub olmuşlar tərəfindən yaxşı qəbul – vermaxt üçün Qərbi Avropada müharibə bundan ibarət idi.
İndi pasifizm tərəfdarları və heç vaxt müharibə olmasın deyənlər bildirirlər ki, "bu qanlı təcrübə" ölkələr arasındakı "keçmiş düşmənçiliyi" aradan qaldıraraq Avropanın birləşməsinə və dinc qitəyə çevrilməsinə səbəb oldu.
Əslində bu, həqiqətən də qanlı təcrübə idi və qanı tökülən də SSRİ xalqları idi. Məhz SSRİ vətəndaşları həm öz ölkələri, həm də Avropa dövlətlərinin hər qarışı üçün canları bahasına mübarizə aparmalı oldular.
Sovet hərbçiləri Ştrausun Vyanadakı məzarına əklil qoyduqları bir vaxtda vermaxt ordusunda xidmət edənlər Puşkinin qəbrinə mina basdırırdılar.
Biz ikinci cəbhənin açılmasını düz üç il gözlədik və müttəfiqlərin Ardenlərdəki hücumu dəf ediləndə Çörçill Stalinə kömək üçün, demək olar ki, yalvarmağa başladı. Baş Komandanlığın Vista-Oder əməliyyatının vaxtı səkkiz gün irəli çəkilir. Polşada Qızıl Ordunun hücumunun başlamasını sürətləndirmək barədə qərar isə bir neçə saatın içində verilir.
Nasistlər Leninqradı mühasirədə saxlayır və qəhrəman şəhərin sakinləri acından ölən uşaqlarını xizəklərlə basdırmağa aparırlar, halbuki qələbədən sonra Berlinin komendantı, general Berzarin bütün alman uşaqlarının peyvənd olunması və südlə təmin edilməsi barədə əmrlər verirdi.
80 il əvvəl başlayan və 1418 gün sürən müharibədə keçilən yol yalnız xalqımıza azadlıq gətirmədi, Maydanek və Auşvits krematoriyalarının sobalarını söndürmədi, Krakovu məhv olmaqdan qurtarmadı, Drezden qalereyasını, xəzinəsini xilas etmədi, həm də insanlıq və humanizmin dəyərini bir daha təsdiqlədi. Və həmin dəyərləri Avropa dərhal mənimsəyərək "özünün ümumi dəyərləri" elan etdi.
"Bir daha əsla"
Avropa özü azadlığa çıxandan sonra ehtirasla urbi et orbi – "Bir daha əsla" vəd edərək yavaş-yavaş başqa müharibələrə qoşuldu. Şimali və Qərbi Afrikada müstəqillik tərəfdarları ilə döyüşdü, Hind-Çində hərbi əməliyyatlar apardı. Sonra növbə Yuqoslaviyaya ("Miloseviç diktaturası və serblərin zülmünə" qarşı mübarizə kimi qələmə verilən – bütün bunları yaxşı xatırlayırıq) çatdı.
On ildən sonra növbə Ukraynaya da gəldi. Ukraynada – Avropa İttifaqı də daxil olmaqla, tamamilə açıq şəkildə əvvəl bir, sonra ikinci dəfə müharibə qızışdırıldı. Həm birinci, həm də ikinci halda, həm 2004-cü ildə, həm də 2013-2014-cü illərdə "başqalarına" qarşı nifrət mühiti yaradıldı.
Yuqoslaviya münaqişəsində olduğu kimi, nasistlərə rəğbət bəsləyənlər dərhal başlarını qaldırdılar, Hitlerin davamçıları və müharibə cinayətkarları isə dərhal "azadlıq və müstəqillik uğrunda mübarizə aparanlar və "Rusiyanın təsirindən xilas edənlərə" çevrildilər.
Müharibə mövzusuna qayıtsaq, Pavlovun Stalinqraddakı evinin – yalnız bir evin və təkcə bir müqavimət tağımı tərəfindən 58 gün müdafiə olunduğunu unutmamalıyıq. Bu, vermaxt qoşunlarının indi birləşmiş və "pasifist" olan qitə Avropası boyunca yürüşündən daha uzun çəkmişdi.
Gəlin, hər şeydən əvvəl bir məsələni yaddan çıxartmayaq: əcdadlarımızın, yaxınlarımızın, həmvətənlərmizin qəhrəmanlığını "milyonlarla təcavüzə məruz qalmış alman qadını", "qənimət eşelonları" və "oğurlanmış sənət kolleksiyaları" haqqında hekayələrlə gözdən salmaq cəhdi "yalnız bir hüceyrənin quruluşunu dəyişdirilməklə bütün orqanizmin xərçənginə gətirib çıxarmaq, ümumi genetik kodumuzu məhv etməyin bir yoludur.
Gəlin, nəhayət, dərk edək ki, "Rusiyanın militarizmi" ilə bağlı bütün bu səs-küy ağlasığmaz və misli görünməmiş bir şeyə nail olmuş – nasizmin belini qıraraq bütün Avropa qitəsinin qarşısında baş əydiyi bu hərbi gücün dörddə üçünü məhv etmiş ölkəyə həsəd aparmaqdan başqa bir şey deyil.
Döyüş meydanında ölənləri, yaralananları, köləliyə məhkum edilənləri, əsir düşərgələrinə göndərilənləri, işgəncələrə məruz qalanları, güllələnənləri, asılanları yada salaraq bir daha təkrarlayaq ki, Qələbə üçün bütün bu qurbanlar əbəs yerə verilməyib. Biz bu gün məhz həmin misli görünməmiş fədakarlıqlar sayəsində yaşayırıq.
Yaddaşımız və kədərimiz isə onlarla ucaltdığımız ortaq və əbədi abidəmizdir.
Eləcə də oxuyun:
Ceyhun Bayramov və Sergey Lavrov Böyük Vətən müharibəsi ilə bağlı şeir dedi
Keçmişə baxmayaraq açıq olmaq - Putin
İkinci Dünya müharibəsi ilə bağlı mif və əfsanələr