BAKI, 21 iyun — Sputnik. Bütün həftə ərzində ölkə ərazisində cənub, cənub-şərqdən qızmar hava axınlarının daxil olacağı gözlənilir. Nəticədə bizim regionda günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib. O bildirib ki, günəşli günlərin davamlı olması havanın maksimum qızması üçün şərait yaradacaq.
U.Tağıyeva hava şəraiti ilə bağlı xəbərdarlıq da edib. O bildirib ki, sutkalıq temperatur normadan xeyli yüksək olduğu üçün və anomal istilərlə əlaqədar açıq havada olanlar ehtiyatlı davranmalıdırlar. Xidmət rəisi deyib ki, onlara açıq havada kölgəli yerlərdə olmaları tövsiyə edilir: "Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur", - deyə U.Tağıyeva bildirib.
O, həmçinin qeyd edib ki, yaxın günlər ərzində zəif və mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək:
"İstisna olunmur ki, bu müddət ərzində biz yeni rekord göstəriciləri qeyd edəcəyik. Həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır".
Bakıda və Abşeron yarımadasında havanın temperaturu 35-39 dərəcə olacaq. U.Tağıyeva bildirib ki, beynəlxalq metodlara əsasən, havanın temperaturu kölgədə ölçülür və böyük şəhərlərdə asfalt-beton örtüklərinin qızması nəticəsində bəzi ərazilərdə istilik effekti daha da kəskinləşir. Bu səbəbdən də şəhərin bəzi yerlərində obyektiv temperaturun 40-42 dərəcə hiss olunması ehtimalı var: "İlkin hesablamalarımıza görə, belə güclü isti hava şəraiti həftənin sonunadək davam edəcək. Həftənin son günlərində qızmar istilər bir qədər zəifləyərək havanın temperaturu bir neçə dərəcə azalacaq", - deyə U.Tağıyeva söyləyib.
Eləcə də oxuyun:
Sinoptiklər sabaha dəhşətli isti söz verirlər
Gün yandıranda dərinizə qatıq çəkməyə tələsməyin