MƏDƏNİYYƏT

Mehriban Əliyevanın o füsunkar geyiminin müəllifi kimdir?

Amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilən bu brenddə üsyankar ruh, avanqard və azadlıq notları var.
Sputnik

BAKI, 21 iyun — Sputnik. Azərbaycanın vitse-prezidenti, Azərbaycan Respublikasının prezidentinin xanımı Mehriban Əliyeva öz zövqlü geyimləri ilə hər kəsi valeh edir. O, bir çox moda jurnalları və portallarda dünyanın ən zövqlə geyinən First lady-ləri arasında ön sıralarda yer alır.

Onun bu il mayın 9-da faşizm üzərində tarixi qələbənin 76-cı ildönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən geyindiyi boz rəngdə plaş isə moda dünyasında geniş müzakirələrə səbəb olub. Hər kəs Azərbaycanın birinci xanımına bu geyimin çox yaraşdığını, onun zərif görünüşünü tamamladığını qeyd edir.

Sputnik Gürcüstan həmin plaşın hansı brenddən olduğunu araşdırıb. Məlum olub ki, Mehriban Əliyevanın geyindiyi həmin boz plaşın müəllifi Gürcüstanın "Situationist" brendidir.

"Gürcüstanın sosial şəbəkəsinin istifadəçilərinin diqqətini xanım Əliyevanın Gürcüstan brendindən boz rəngli bir plaş geyməsi çəkib. Geyim öz lakonikliyi və "Situationist" xas asimmetrikliyi ilə seçilir. İlham Əliyev və Mehriban Əliyevanın fotolarını gürcü brendinin özü də sosial şəbəkədə paylaşıb", - deyə məlumatda bildirilir.

"Situationist" brendi dizaynerlər İrakli Rusadze və David Qiorqadze tərəfindən 2015-ci ildə yaradılıb. Onların işi məşhur amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilib.

"Situationist" brendində üsyankar ruh, avanqard və azadlıq notları var. Hazırda İrakli Rusadze "Situationist" üçün yeni modellərin hazırlanması üzərində işlərini davam etdirir.

Qeyd edək ki, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə bu il mayın 9-da faşizm üzərində tarixi Qələbənin 76-cı ildönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən bu geyimi geyinib.