Azərbaycanda fəaliyyət göstərən icmalar Şuşa Bəyannaməsinə münasibət bildirdi

Şuşa bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir.
Sputnik

BAKI, 21 iyun — Sputnik. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif icmalar Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair qədim mədəniyyət paytaxtında imzalanmış 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsini böyük razılıq hissi ilə qarşılayırlar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın Ukrayna Konqresinin idarə heyətinin sədri Yuri Osadçenkonun, Dağ Yəhudiləri Bakı Dini İcmasının sədri Milix Yevdayevin, Avropa Yəhudiləri Bakı Dini İcmasının sədri Aleksandr Şarovskinin, Gürcü Yəhudiləri Bakı Dini İcmasının sədri Zamir İsayevin imzaladığı bəyanatlarda bildirilib ki, bu ölkədə hər kəs müstəqil Azərbaycan dövlətini öz doğma Vətəni hesab edir, əmin-amanlıq və rifah şəraitində yaşayır:

"Bizim övladlarımız işğal altında olan torpaqların azad olunmasında yaxından iştirak etməklə öz vətənləri olan Azərbaycan qarşısında mənəvi vəzifələrini yerinə yetiriblər".

Qeyd edilib ki, Şuşa bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycanda fəaliyyət göstərən bütün icmalar müstəqil xarici siyasət həyata keçirən iki dövlət tərəfindən imzalanan, müttəfiqlik münasibətlərinin siyasi-hüquqi mexanizmlərini müəyyənləşdirən, Şuşa Bəyannaməsini dəstəkləyir və Azərbaycanın yanında olduqlarını bəyan edirlər.