Uels yığması AVRO-2020-də İtaliya millisinə məğlub olsa da, pley-off mərhələsinə çıxıb

İtaliya millisi Avropa çempionatının qrup mərhələsinin üçüncü turunda Uels yığmasını məğlub edərək üçüncü qələbəsini qazanıb.
Sputnik

BAKI, 20 iyun — Sputnik. "A" qrupunda Romada keçirilən qarşılaşma 1:0 hesabı ilə italyanların xeyrinə başa çatıb. Yeganə qolu 39-cu dəqiqədə Matteo Pessina vurub. Oyunun 55-ci dəqiqəsində Uels komandasının oyunçusu İtan Ampadu qırmızı kart alaraq meydandan qovulub.

1/8 finala vəsiqəni əvvəlcədən təmin etmiş İtaliya millisi qrup mərhələsində 9 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. Uels yığması 4 xalla qrupun ikincisidir və pley-off mərhələsinə çıxır.

Qrupda üçüncü yeri 4 xalla, uelslilərdən yalnız top fərqinə görə geri qalan İsveçrə millisi tutur. Buna baxmayaraq, İsveçrə millisinin də hələ pley-off mərhələsinə çıxmaq şansı var. Qrupun autsayderi isə xal toplaya bilməmiş Türkiyə komandasıdır.