Futbol üzrə Avropa çempionatı - ikinci turun eniş-yoxuşları

Ötən turda maraqlı oyunlar çox oldu, amma bununla yanaşı qrup mərhələsində qarşıdurmanın nəticələrini müəyyən etmək bir az da çətinləşdi.
Sputnik

Futbol üzrə onaltıncı Avropa çümpionatının qrup mərhələsinin ikinci turu geridə qalıb. Bu tur qitə birinciliyində iştirak edən milli konadaların hazırlıq səviyyəsi və imkanlarını daha dəqiq dərk etməyə kömək etdi. Lakin bununla yanaşı qrup mərhələsində qarşıdurmanın nəticələri üzərinə kifayət qədər qalın bir müəmma pərdəsi də çəkdi.

Turnir iştirakçılarının yalnız az bir hissəsi sonuncu turu gözləmədən gələcək taleyini müəyyən edib, əksər komandaların taleyi isə qrup mərhələsinin son turunda aydın olacaq. Həm də, bu zaman çox şey onların özündən deyil, yaranmış şəraitdən asılı olacaq. Lakin ikinci tur, elə Avropa birinciliklərində necə olmalıdırsa, maraqlı oyunlarla zəngin oldu. Amma, gəlin tələsməyək...

"A" qrupu

Türkiyə-Uels, 0:2

Türkiyə millisinin azarkeşləri öz sevimli komandalarının uğurlu çıxış edəcəyini gözləyir və ümid edirdilər ki, italyanlara qarşı ilk oyunda uğursuzluğun səbəbi həm start oyununun həyəcanı, həm də rəqibin çox yüksək səviyyəli və güclü olmasıdır. Onlar ümid edirdilər ki, Uels yığması ilə oyunda Türkiyə millisi tamamilə başqa cür oyun nümayiş etdirəcək. Həm də, axı Bakıda bu komandanın on minlərlə sadiq pərəstişkarı da var. Təəsüf ki, Türkiyə millisi fanatların ümidini doğrultmadı. Mən çempionatda iştirak edən komandaların heç birinin oyununda bu qədər texniki səhv müşahidə etməmişəm. Uelslilər isə həvəslə oynayırdılar və azarkeşlərin fantastik dəstəyinə baxmayaraq türklər Britaniya komandasına qarşı heç nə edə bilmədilər. Birinci hissənin sonunda Qaret Beyl Aron Remsiyə qəşəng bir ötrmə verdi, o isə öz növbəsində topu rəqib komandanın qapısına yönəltdi. Uels yığmasının ulduzları olan bu iki oyunçu öz komandalarını qələbəyə doğru irəli aparardılar. Qaret Beylin türklərin qapısına təyin olunmuş penaltini vura bilməməsinə baxmayaraq, öz oyunu ilə o uelslilərin qələbəsinə çox kömək etdi. Əlavə edilmiş vaxtda isə Konnor Roberts, yenə də Beylin gözəl ötürməsindən sonra ikinci qolu vurdu. Bu qələbədən sonra uelslilərin 4 xalı var və onları qarşıda italyanlarla oyun gözləyir.

Türklərin baş məşqçisi Şenol Günəş oyundan sonrakı müsahibələrində komandasının uduzması ilə bağlı heyfsləndiyini bildirib. Lakin məğlubiyyətin səbəbini anlaşıqlı şəkildə izah edə bilməyib. Məşqçi yalnız onu deyib ki, onun yetirmələri Türkiyə futbolunun gələcəyidir. Şenol Günəşin məşqçi qismində bütün uğurlarına hörmətlə yanaşmağıma baxmayaraq, yenə də, ondan komandasının bu qədər hazırlıqsız olmasının səbəblərini eşitmək istərdim. Bir də, ola bilər ki, məşqçi haqlıdır və futbolçular həqiqətən gələcəkdə açılışacaqlar. Amma Günəş axı gənclərdən ibarət komandanın deyil, ölkənin əsas yığmasının məşqçisidir.

Hər necə olursa olsun, Türkiyə millisi İsveçrə yığması ilə qarşılaşacaq və isveçrəlilərə qələbə çox lazımdır. Türkiyə, əminəm ki, isveçrəlilərlə qarşı döyüşkən tərzdə oynayacaq, lakin bu cür hazırlıqla bunu etmək həddən artıq çətin olacaq.

İtaliya – İsveçrə, 3:0

Roberto Mançininin yetirmələri Türkiyə millisinin ardınca İsveçrə yığmasını da darmadağın etdilər. İtalyanların oyunda üstünlüklərini iki dəfə Manuel Lokatelli və bir dəfə də Çiro İmmobile öz qolları ilə sübut etdilər. Öz doğma meydanında, Romada oynayan İtaliya yığması qrup mərhələsini uğurla adlamasını rəsmiləşdirib. Lakin, düşünürəm ki, italyanlar üçüncü turda o qədər də laqeyd oynamayacaqlar. Çünki, bu qətiyyən hazırkı "Skuadre Adzurre"yə xas olmazdı.

Aydındır ki, isveçrəlilər, italyanların uelslilərə qalib gələcəyinə ümid edərək, Türkiyə millisini məğlub etmək üçün əllərindən gələni edəcəklər. Bu halda onların qrup mərhələsindən uğurla çıxmaq imkanı olacaq.

"B" qrupu

Rusiya – Finlandiya, 1:0

Rusiya yığmasının qələbəsinə rəğmən, onun oyunu ciddi narahatlıq doğurur. Oyunda texniki səhvlərin sayına görə Rusiya futbolçuları Türkiyə millisindən ancaq bir az geri qalır. Lakin hər necə olursa olsun, finlər məğlub edilib. Bu ona görə mümkün olub ki, birinci hissəyə əlavə olunmuş vaxtda Artyom Dzüba Alekseya Mirançuka yaxşı ötürmə edib, o isə öz növbəsində topu alovlu fin uşaqlarının qapısına göndərib. Amma rusiyalıların oyunu öz-özlüyündə yaxşı təsir bağışlamırdı. Qrup mərhələsinin sonuncu, 3-cü turunda Rusiya millisi Danimarka komandası ilə qarşılaşacaq. Oyun iyunun 21-də Kopenhagendə keçiriləcək.

Belçika – Danimarka, 2:1

Danimarkalılar əla oyun nümayiş etdirdilər. Artıq oyunun ikinci dəqiqəsində dünyanın ən yaxşı qapıçılarından biri olan Tibo Kurtua Poulsenin zərbəsi qarşısında aciz oldu. Danimarkalılar irəli getməkdə davam edirdilər və təşəbbüsü ələ alaraq hesabı artıra bilərdilər. Belçikalılar oyunun 10-cu dəqiqəsində, Kristian Eriksenə dəstək olaraq elan edilən fasilədə bir qədər nəfəslərini dərdilər. Danimarka yığmasının liderini ürəkdə əməliyyat gözləyir.

Bütün birinci hissəni danimarkalılar öz üstünlüklərini qoruyub saxladılar, risklə, həvəslə oynayırdılar. Oyunu müşahidə edərək mən onun sensasiya ilə sona çatacağını düşünməyə başladım. Ola bilsin ki, elə belə də olacaqdı, lakin belçikalılar "ağır artilleriya"dan istifadə etdilər...

İkinci hissədə meydana heyrətamiz oyunçu olan Kevin de Breyne çıxdı və hər şey dəyişdi. Belçikalılar oyunu öz əllərinə aldılar və 55-ci dəqiqədə Torqat Azar Breynedən dəqiq ötürmə alaraq hesabı bərabərləşdirdi. Az sonra meydana Torqatın böyük qardaşı Eden Azar da çıxdı. Onun de Breyne ilə birgə oyunu belçikalıların təzyiqini bir qədər də artırdı və 71-ci dəqiqədə Kevin danimarkalıların qapısına ikinci qolu vurdu. Hesab oyunun sonuna qədər dəyişmədi.

Məğlubiyyətə baxmayaraq, danimarkalılar müstəsna dərəcədə yaxşı təsir bağışlayırdılar və mən əminəm ki, onlarla üçüncü turdakı oyunda rusiyalılar üçün çox çətin olacaq.

"C" qrupu

Ukrayna – Şimali Makedoniya, 2:1

Ukraynalılar çox yüksək texnikalı və savadlı oyun nümayiş etdirdilər. Qeyd etməliyəm ki, Andrey Şveçenko çox yaxşı komanda hazırlayıb. İlk turda onlar kifayət qədər yüksək səviyyəli oyun nmayiş etdirərək, Niderland yığmasına qarşı yaxşı oynadılar. İkinci turda onlar sübut etdilər ki, onların ilk oyundakı inamlı oyunu təsadüf deyil. Ukrayna komandasında qolları elə Niderlanla oyunda fərqlənmiş oyunçular - Yarmolenko və Yaremçuk vurdular. Şimali Makedoniya komandası Alioskunun qolu ilə yalnız bir cavab topu vura bildi, bundan artığını edə bilmədi. Əminəm ki, Ukrayna-Avstriya oyunu çox gərgin olacaq və onun nəticəsini proqnozlaşdırmaq çox çətindir. Subyektiv olaraq mənim Ukrayna millisinə simpatiyam daha çoxdur, amma avstriyalılar çox yaxşı hazırlığa malikdirlər və ambisiyaları da yüksəkdir.

Niderland – Avstriya, 2:0

Belə görünür ki, böhranı geridə qoyan təkcə İtaliya millisi deyil, elə "Zanbaqlar diyarı"nın futbolçuları səviyyələrini nəzərəçarpacaq qədər artırıblar. Şanlı futbol nailiyyətləri olan və futbol dühası Yoxan Kroyf başda olmaqla dünyaya çoxsaylı görkəmli oyunçular bəxş etmiş bu ölkə son illər yaxşı nəticələr göstərə bilmirdi. Lakin Frank de Burun rəhbərliyi altında hazırkı yığma çox iddialı əhvali-ruhiyyədədir və ən əsası, çempionatda çox yüksək səviyyədə oyun nümayiş etdirir. Deməzdim ki, avstriyalılarla oyun onlar üçün adi gəzinti idi, amma Depayın birinci hissədə penaltidən, ikinci hissədə Dumfrisin oyundan vurduğu qola Avstriya millisi heç bir cavab verə bilmədi. "Narıncılar" qrup mərhələsindən çıxmaqlarını rəsmiləşdiiriblər, lakin düşünürm ki, həvəsə düşmüş niderlandlılar Şimali Makedoniya komandası ilə üçüncü turun oyununda rəqiblərinə qapını bərk çırpıb getməyə imkan verməyəcəklər.

"D" qrupu

Xorvatiya – Çexiya, – 1:1

Dünya vise-çempionları turnir cədvəlində vəziyyətlərini düzəltmək əzmində idilər, lakin çexlər qətiyyən bu işdə onlara yardımçı olmaq niyyətində deyildilər. Bundan əlavə, hesabı birinci hissədə penaltidən məhz çexlər açdı. Bu o zaman baş verdi ki, VAR-ın köməyi ilə xorvatların Patrik Şikin qarşısını qayda pozuntusu ilə aldıqları aşkar olundu. Zərərçəkmiş elə özü də penaltini qola çevirdi. İkinci hissənin başlanğıcında Perişiç hesabı bərabərləşdirdi. Lakin Zlatko Daliçin yetirmələri bundan artığını edə bilmədilər. Bu oyun ispaniyalı hakim Karlos del Sorro Qrandenin inamsız fəaliyyəti ilə yadda qaldı. Hakim oyunda bir neçə dəfə adi gözlə görünən səhvlər etdi.

İngiltərə – Şotlandiya, 0:0

Bütün oyun boyu ingilislər üstünlüyü ələ almağa çalışırdılar, lakin buna nail ola bilmədilər. Təəccüblü odur ki, ingilislər, komandanın heyətində yüksək səviyyəli oyunçular olmasına rəğmən, artıq ikinci oyundur ki, inamsız oynayırlar. Şotlandiyalılar isə razı qala bilərlər: onlar öz məşhur rəqiblərinə sinə gərə və heç-heçəyə nail ola bildilər ki, bu da onlara qrup mərhələsini uğurla adlamaq şansı verir.

Bu qrupda İngiltərə və Çexiya komandaları liderdir, lakin vəziyyət kifayət qədər qarışıqdır və hər şey üçüncü turun nəticələrinə görə müəyyən olunacaq.

"E" qrupu

İsveç – Slovakiya, 1:0

Bu oyunda vurulmuş yeganə qolun müəllifi İsveç millisinin yarımmüdafiəçisi Emil Forsberqdir. O, 77-si dəqiqədə penaltini uğurla yerinə yetirdi. Bu qarşılaşmada qələbə sayəsində İsveç komandası "E" qrupunun lideridir.

Polşa – İspaniya, 1:1

İspanlar kifayət qətər qətiyyətli idilər və 26-cı dəqiqədə Alvaro Morata Polşa yığmasının qapısına yol tapa bildi. Birinci hissədə hesab dəyişmədi lakin ikinci hissədə, 54-cü dəqiqədə Polşa yığmasının lideri və kapitanı Robert Levandovski hesabı bərabərləşdirə bildi. Demək olar ki, bundan dərhal sonra polyakların qapısına penalti təyin olundu, lakin Jerar Moreno onu düz yerinə yetirə bilmədi. İspanlar hücum edirdilər və bir neçə qol vəziyyəti də yaratmışdılar. Elə Alvaro Morata iki dəfə qol vurmağa yaxın oldu. Lakin top qətiyyətlə polyakların qapısına getmirdi.

Maraqlıdır ki, "E" qrupunun favoriti olan İspaniya və Polşa milliləri turnir cədvəlində sonuncu yerlərdə qərarlaşıblar. Qrupda lider isə isveçlilərdir, onların ardınca Slovakiya yığması gəlir.

İspanlar və polyaklar üçüncü turda müvafiq olaraq Slovakiya və İsveç komandaları üzərində qələbə çalmalıdırlar. Bu oyunların həm komandalar, həm də azarkeşlər üçün çox maraqlı olacağını düşünürəm.

"F" qrupu

Fransa – Macarıstan, 1:1

Macarlar oyunun lap əvvəlindən irəli atılmışdılar. Portuqaliya yığmasına məğlub olduqdan sonra onlar hazırkı dünya çempionları ilə oyunun nə qədər çətin olacağını anlayırdılar. Lakin onlar bunu da anlayırdılar ki, üçüncü turda onları dəfələrlə dünya və Avropa çempionu olmuş Almaniya millisi ilə oyun gözləyir. Fransızlara qarşı oyunda macarlar tamamilə haqlı olaraq düşündülər ki, belə vəziyyətdə müdafiədə oturmaq ağıllı fikir deyil və buna görə də hücumda fəal idilər. Bu da onlara ilk hissəyə əlavə olunmuş vaxtda uğur gətirdi. Fiol əlinə düşın imkandan istifadə etdi. İkinci hissədə fransızlar Qrizmannın köməyi ilə hesabı bərabrələşdirdilər. Lakin macarlar fransızlara bundan artığını etməyə imkan vermədilər. Beləliklə, fransızlar 4 xalla qrupda liderdirlər, macarlar isə 1 xalla turnur cədvəlində sonuncudurlar.

Almaniya – Portuqaliya, 4:2

Hesabı 15-ci dəqiqədə Kriştianu Ronaldu açdı və bundan sonrakı təqribən iyirmi dəqiqə ərzində elə təəssürat yaranırdı ki, hazırkı qitə çempionları Almaniya komandasına qarşı kifayət qədər inamlı oynayırlar. Almanların Fransa millisinə məğlubiyyətindən sonra çoxları düşünürdü ki, Amaniya millisi artıq əvvəlki komanda deyil. Lakin 35-ci dəqiqədə "alman maşını" elə işə düşdü ki, portuqaliyalılar çaş-baş qaldılar. Nəticədə iki avtoqol: Ruben Diaş35-ci, Rafael Qerreyru isə 39-cu dəqiqədə topu öz qapılarına yönəltdilər.

İkinci hissədə Xaverts və Qozens hesabı 4:1-ə çatdırdılar. Portuqaliyalılar yalnız bir topun cavabını verə bildilər. 67-ci dəqiqədə Dioqu Jota fərqləndi.

Üçüncü turda Fransa komandası Portuqaliya yığması ilə, almanlar isə macarlarla qarşı-qarşıya gələcək. Bu qrupda da vəziyyət istənilən tərəfə dayişə bilər. Odur ki, bütün komandalar yalnız qələbə uğrunda mübarizə aparaqcaqlar.

Hörmətli futbol həvəskarları, qarşıdakı üçüncü turda bizi güzəştsiz və gərgin oyunlar gözləyir. Bu qarşılaşmalar maraqlı və baxımlı anlar bəxş edəcək ki, biz də futbolu elə buna görə sevirik...