BAKI, 20 iyun — Sputnik. Azərbaycanda enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.
Ağıllı sayğac
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" yeni hazırlanan qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcəklər.
Ağıllı sayğac - istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" yeni qanun layihəsi
Qeyd edək ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" yeni qanun layihəsi hazırlanb. Bu qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.
Bu qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.
Layihəyə görə, Azərbaycanda enerji menecmenti sisteminin formalaşdırılması və tətbiqi həyata keçiriləcək. Layihəyə əsasən, bu dövlətin vəzifələrinə aid edilib. Enerji menecmenti sistemi dedikdə enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan daimi enerji idarəetmə sistemi nəzərdə tutulur. Təsərrüfat subyektləri bu qanunun tələblərinə riayət etməklə enerji menecment sistemi yaratmaq hüququna malikdirlər.
Enerji menecment sisteminə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən ediləcək. Məcburi enerji auditinin 3 ildən bir keçirilməsi enerji menecmenti sisteminin yaradılması ilə bağlı sertifikatlaşdırılmış təsərrüfat subyektlərinə şamil edilməyəcək.
Enerji auditi könüllü aparılacaq
Azərbaycanda könüllü enerji auditi keçiriləcək. Bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində əksini tapıb. Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılacaq. Enerji auditi bu qanunun 6.3-cü maddəsində göstərilən hal istisna olmaqla, könüllü aparılacaq. Enerji auditinin nəticəsinə dair hesabat enerji auditinin sifarişçisinə təqdim olunacaq.
6.3-cü maddəyə əsasən isə, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.
Qanun layihəsi parlamentdə qəbul edilərsə, gələn ilin iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, qanun layihəsi parlamentdə qəbul edilərsə, gələn ilin iyulun 1-dən qüvvəyə minəcək. Qanun qüvvəyə mindiyi gündən "Enerji resurslarından istifadə haqqında" 1996-cı il 30 may tarixli 94-IQ nömrəli qanun ləğv ediləcək.