MƏDƏNİYYƏT

Azərbaycan gözəlinə atasından dəstək: Sənə artıq söz deyənin başını kəsərəm

Səmranın fikrincə, insanlarımızda inkişaf etmək, dünyaya inteqrasiya olunmaq, stereotipləri aşa bilməmək qorxusu var.
Sputnik

Səmra Hüseynova - "Miss Azərbaycan-2019"-un qalibidi. On ildən çoxdur ki, model biznesindədir, bir çox beynəlxalq və yerli dəb layihələrində, məşhur dizaynerlərin defilelərində iştirak edib. Hər zaman azərbaycanlı həmkarlarından açıq-saçıq layihələrdə iştiraka hazır olmasıyla seçilən modeli gəlin yaxından tanıyaq. Səmra özü və sənəti ilə bağlı heç yerdə demədiklərini Sputnik Azərbaycan-la bölüşüb:

"8-9-cu sinifdə oxuyanda artıq qərara almışdım ki, mən model olacam. Həmin vaxtlarda Rəssamlıq Akademiyasında dizaynerlər modellər axtarırdılar, onlarla çalışırdım. Bir sıra tədbirlərdə model kimi çıxış edirdim".

Azərbaycanlı model ərəb biznesmenlə nişanlandı

Gələcəyin məşhur modeli yolunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən salır: "Buna görə də İncəsənət Universitetini seçdim. Bildiyiniz kimi modellik sənəti üçün ayrıca bir sahə yoxdur. Mən rejissorluq fakültəsinə daxil oldum. Universitetdə həm də aktyor sənətindən də dərs keçirdilər. Bu da mənə model kimi fəaliyyət göstərməyimə kömək edir".

"Modellik sənəti sizdən nələri aldı?" sualına belə cavab verdi: "Kameralar məni çəksin, saytlar məndən yazsın, mən danışılım. Deməzdim məndən nəyisə aldı. Aldısa, demək belə lazım imiş. Modelliyi seçdiyimə görə, çox şeyi itirdim. Yaxşı ki, itirdim. Modellik peşəsində yalançı dostlarımı, yalançı qohumlarımı itirdim. Hətta sevdiyim insanı itirdim. Deməli, məni sevmirmiş. Sevsəydi, seçimimə hörmətlə yanaşardı. Amma qazandıqlarım daha çoxdur".

Həmişə göz önündə olmaq istəyən Azərbaycan gözəli onun qarşısına qoyulan sədlərdən danışıb: "Əvvəllər atam qətiyyən razı deyildi. Mən podiuma çıxmağa hazırlaşırdım, anam işdən çıxıb, gəlib məni götürüb aparırdı evə. Bütün günü ağlayırdım ki, anam məni qoymur. Atama dedim ki, "sən mənim atamsan, mənim arxamda olmalısan, mənə güvənməlisən". Atam mənə dedi ki, "nədə özünü xoşbəxt hiss edirsən?"Atama dedim ki, mən çox böyük uğur qazanacam. Amma buna görə məni tənqid də, təhqir də gözləyir. Atam dedi ki, "sən özünü lüt bədəndə bağlı görürsənsə, mənə sənin tərbiyəndən başqa, heç kimin fikri önəmli deyil. Bundan sonra mənə icazə verdi. Bu gün də deyəndə ki, "ata, filankəs məni təhqir edir". Deyir sənə artıq söz deyənin başını kəsərəm".

Məşhur azərbaycanlı bloger və model vəfat edib - VİDEO

Səmra insanların modellərə olan münasibətini dəyişəcəyini düşünür: "Bizdə elə düşünürlər ki, modellik soyunmaqdır. Modellik soyunmaq deyil, modellik zəriflikdir, nümayişdir. Sənə verilən əl işini sən soyunsan belə, onu lüt göstərmədən təqdim edirsən. Məsələn, mənə alt paltarı geyimi gətirirlər. Mən onu təqdim edirəm. Mən onu 2 formada təqdim edə bilərəm: Mən onu vulqar da təqdim edə bilərəm. Modellik isə odur ki, sən onu vulqar yox, sənə onu incəsənət nümunəsi kimi təqdim etməlisən. Ümid edirəm ki, bir gün insanlar buna incəsənətin bir növü kimi qarşılayacaq".

Anoreksiya xəstəliyindən müalicə alan model xəstəliyə yol açan səbəblərdən danışıb: "Mən yeməyə həmişə nifrət etmişəm. Genetikam arıqdır. Haradasa 10 il əvvəl, sinəmdə xoşxassəli şiş aşkarlanmışdı. Ona görə də həddindən artıq arıqlamışdım. Ondan sonra hormonal dərmanlar qəbul etdiyimdən birdən-birə kökəldim". İndi isə əziyyət çəkdiyim problem haradasa 1 il əvvəl başladı. Onda üstünə düşmədim. Son bir ayda boğazım şişməyə başladı və dərhal çəkim düşdü aşağı – 38 kilo oldum".

"Boğazım ona görə şişdi ki, soyuq havada çəkiliş oldu. Yaz geyimlərini çəkirdik. Orada soyuqladım, ağırlaşdım.Onda anladım ki, vəziyyət heç də yaxşı deyil. Çox güclü ağrılar başladı məndə, ayağa qalxmağa belə, halım yox idi. Adi stəkanı qaldırıb suyu içə bilmirdim. Düşündüm ki, onkoloji xəstəliyə tutulmuşam. Çox şükür, indi yaxşıyam", - deyə S.Hüseynova bildirdi.

- Bildiyiniz kimi, Neslihan Atagül də bu xəstəlikdən əziyyət çəkir...

- Fikir verirsinizsə, bu problem bu il daha çox yayılıb. Düşünürəm ki, bu problem koronavirusun fəsadlarıdır. İnsanlar qapalı məkanlarda qaldılar. D vitaminindən məhrum oldular, karantinə görə keçirilən əsəb, stress və s".

Xarici ölkələrdə modellər bədənlərini sığortalayırlar. Bizdə bu tendensiya hələ gəlib çıxmayıb. Amma ən öz üzümü sığortalamağı düşünürəm.

Səmra "Miss Azərbaycan-2019"dan da danışdı. Məşhur model müsabiqəyə getmə səbəbinə zarafatla "gördüm ki, hər şeyim var, başımın tacı çatmır. Qərar verdim ki, başın tacı da olsa, tam olacam" deyə cavab verdi: "Müsabiqəyə qatıldım. Müsabiqə məni çox yordu. Gedib-gəlmələr, seçimlər, stress, həyəcan, qalib gəlib-gəlməmək qorxusu və s. Final gecəsi ağlaya-ağlaya çıxdım. Çox xoşbəxtəm ki, qalib gəldim. Ürəyim yaralı idi, çünki birinci dəfə qatılanda layiq görməmişdilər".

Səmra deyir ki, insanlarımızda inkişaf etmək qorxusu var. O, fikirlərini belə izah etdi: "Dünyaya inteqrasiya olunmaq qorxusu, stereotipləri aşa bilməmək qorxusu var. Mənim valideynlərim niyə mənə mane olurdular? Çünki onlar da o psixologiyada böyüyüblər. Psixologiyasında problemi olan insana nə qədər başa salmağa çalışsan ki, bu ağdır, o yenə qara görəcək. Ona görə də mən kimisə başa salmağa cəhd eləmirəm. İstədiyimi yaşadım, ona görə də mən Azərbaycanda səs-küy yarada bildim. Düşündüm ki, məni qınayan insanlar – qohumlarım, dostlarım sabah mənim istədiyimi verə biləcəklərmi? Mən dara düşəndə mənə əl uzadacaqlarmı? - Xeyr! Niyə mən onlara əhəmiyyət verməliyəm?

- Sizcə, Azərbaycanda modellərə qarşı münasibət niyə birmənalı deyil?

- Qınamıram insanları. Çünki modellik, aktyorluq, müğənnilik adı altında digər fake təbəqə yaranır. Problem özümüzdədir. Baxın televiziyalara, normal aparıcı, normal aktrisa seçimi var? Televiziyaya dodaq dolğulu, sifəti dolğulu, botoks olmamalıdır. Ümumiyyətlə, televiziya üçün təbii olan insanı seçmək lazımdır. Kinoda da bu önəmlidir. Aktyor emosiyaları çatdırmalıdır. Üzündə süni dolğular olan aktrisa hissləri necə çatdıra bilər?

Sənət adamlarının əksəriyyəti gələcəkdə övladının özünün davamçısı olmasını istəmir. Səmranın bu fikrə münasibəti fərqlidir: "Mənim qızım da model olmaq istəsə, görsəm ki, Allah ona model olmaq üçün bütün standartları verib, mən niyə ona mane olmalıyam? O demək deyil ki, mən əziyyət çəkmişəm, o da əziyyət çəkəcək. Yox, mən ona arxa-dayaq olaram. Mənim qızımın boyu 175 sm olsa, standartlara cavab versə, onun prodüseri olaram".

"Anam deyir, ərə get, gələcəkdə bir övladın olsun. Niyə özümə? Övladımla özümü qarantiya edirəm? İstifadə etmək üçün dünyaya gətirirəm? Mən övladı dünyaya gətirirəm ki, cəmiyyət onun savadından, qabliyyətindən yararlana bilsin. Mən valideynlərimə dedim, ya mənə güvənin, ya da vurun, öldürün. Mən sizin standartlarınıza uyğun adama ərə gedib özümü bədbəxt edə bilmərəm"- deyə Azərbaycan gözəli əlavə etdi.

Qəhrəmanımızın dünyaca məşhur həmkarları ana olmaqdan boyun qaçırırlar. Səmra isə düşünür ki, qadının ən böyük xoşbəxtliyi ona "ana" deyən övladın, "səni sevirəm" deyən həyat yoldaşın olmasıdır: "Bəli, işim məni xoşbəxt edir. Amma səhər telefonu əlimə alıram, baxıram ki, mənə kimsə "səni sevirəm" yazan varmı? Özümə uyğun bəylə qarşılaşsam, sözsüz ki, evlənərəm. Olub ki, bir insan üçün 3 il öz işimə fasilə verdim. Amma o bunu dəyərləndirmədi".

"Unudulmaqdan qorxmuram, inanmıram ki, unudulum" deyən gənc model gələcəkdə özü haqqında film çəkməyi düşünür. "Gələcəkdə özüm haqqında avtobioqrafik film çəkmək istəyərəm. Amma indi yox, gələcəkdə. Çünki, indi etsəm uğurlu alınmayacaq. Bunun üçün illər lazımdır. Hər işdə mükəmməliyə can atıram. O filmdə mənim imzam olacaq, o film sıradan bir film olmamalıdır".