SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır

Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda panel müzakirələri təşkil edilib.
Sputnik

BAKI, 19 iyun - Sputnik. "Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur".

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda təşkil edilmiş panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.

Ceyhun Bayramovun Antalya görüşləri - Rumıniya XİN başçısı ilə

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

C.Bayramov Azərbaycan və Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli iqtisadi, humanitar, təhsil və s. istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir, həmçinin həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Post-münaqişə dövüründə regionada baş verən proseslərə toxunan nazir Boqdan Auresku, demarkasiya və mina məsələləri üzrə danışıqların aparılmasının vacibliyini dilə gətirib. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə edib.

Daha sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib və bu xüsusda , Azərbaycan-Rumıniya Birgə Komissiyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfər etməyə dəvət edib.

İraq XİN başçısı ilə görüş

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Ceyhun Bayramov iraqlı həmkarına Ermənistanın onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasəti və onun fəsadları, həmçinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatı, ərazilərin işğaldan azad edilməsi barədə məlumat verib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, həyata keçirilən yenidən qurma işlərindən danışıb.

Ceyhun Bayramov ölkələrimiz arasındakı səmimi münasibətlərin təməlində xalqlarımız arasındakı tarixi, dini, mədəni bağların durduğunu qeyd edib. Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.

Fuad Hüseyn məlumata görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı münasibətlərin inkişafını qeyd edib. O, müharibədən əziyyət çəkən ölkə kimi İraqın müharibənin doğurduğu fəsadlara yaxşı bələd olduğunu, bu səbəbdən problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Bu xüsusda, İraq naziri Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunmasını məmnunluqla qeyd edib.

Tərəflər həmçinin enerji, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüş

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Antalya Diplomatiya forum iyunun 18-dən 20-dək davam edəcək.