SƏHİYYƏ

Artıq 66 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha iki qazimizi - Məmişov Bəşir Məhəddin oğlunu və Hüseynəliyev Faiq Bəhruz oğlunu yüksək texnologiyalı protezlərlə təmin edib.
Sputnik

BAKI, 19 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha iki qazimizi - Məmişov Bəşir Məhəddin oğlunu və Hüseynəliyev Faiq Bəhruz oğlunu yüksək texnologiyalı protezlərlə təmin edib.

Nazirlikdən verilən məlumata görə, onlar Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıblar. Hər iki qazimiz əvvəlcə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunublar. Protezləşməyə hazırlıq mərhələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olunub.

Bu geniş funksiyalı müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, eləcə də idmanla məşğul olmağa və s. imkan verir. 

Nazirlik tərəfindən artıq 66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Şəhid olanlar, itkin düşənlər və yaralananlar

Müdafiə Nazirliyinin son məlumatına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində 2904 hərbi qulluqçusu şəhid olub, 10 nəfər isə itkin düşmüş hesab edilir. 1250-dək hərbçimiz isə yaralanıb.