BAKI, 18 iyun — Sputnik. Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin cari təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Prosesə cəlb ediləcək pedaqoji heyət əvvəlcədən bu barədə məlumatlandırılacaq. Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.
Qeyd edək ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlar bu linkdəki infoqrafikalarda təqdim olunub.
Qeyd edək ki, ötən il Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nı təsdiq edib. Bu Qayda dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırma Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Sertifikatlaşdırmanın təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən sədr daxil olmaqla 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Təhsil Nazirliyinin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir.
Sertifikatlaşdırma Şurasına Təhsil naziri tərəfindən vəzifəyə təyin olunan və səlahiyyətlərinə xitam verilən sədr rəhbərlik edir. Sertifikatlaşdırma Şurasının tərkibi Təhsil naziri tərəfindən təsdiq edilir.Sertifikatlaşdırma Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər. Sertifikatlaşdırma ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Təhsil Nazirliyinin Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində Sertifikatlaşdırma altsistemi yaradılır.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Təhsil Nazirliyi müəyyən edir və altsistemdə yerləşdirir. Təhsil Nazirliyinin müvafiq yerli bölmələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə şəxsi kabinet açılır və kabinetin şifrəsi təhsilverənin əlaq vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına göndərilir.
Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) şəxsi kabinet vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş şəxsi kabinet göndərilir. I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.
Nəticələrdən razı qalmayanlar şikayət etsin
Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların şəxsi kabinetinə göndərilir. Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində bu Qaydada göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.
Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin şəxsi kabinetinə göndərildiyi tarixdən 30 iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə baxır. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda işəgötürən tərəfindən ləğv edilir.