BAKI, 18 iyun — Sputnik. Sentyabrın birindən MDB ölkələrinin vətəndaşlarının Rusiyaya girişi yalnız "COVID-19-suz səyahət et" ("Путешествуй без COVID-19) tətbiqi vasitəsilə mümkün olacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bütün ölkələrə israrla qoşulmağı məsləhət görmüşük", - deyə Overçuk MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçirilən 90-cı iclasında çıxışı zamanı bildirib.
MDB İqtisadi Şurasının 90-cı iclası
Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin nümayəndə heyətləri üzv ölkələrin iqtisadi əməkdaşlığının müxtəlif sahələrini müzakirə ediblər.
Gündəliyə MDB ölkələrinin KTNS-də (VDNX) sərgi-satış mərkəzlərinin yaradılması məsələsi daxildir.
Hazırda KTNS-də Azərbaycan, Ermənistan, Belarus və test rejimində Moldovanın pavilyonları fəaliyyət göstərir. Cari ildə Qazaxıstan, Qırğızıstan, Özbəkistanın pavilyonlarının da işə başlayacağı nəzərdə tutulur.
Bu sərgi-satış mərkəzlərinin bu il MDB-nin 30 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsində aktiv iştirakı planlaşdırılır.
Rusiyadan Azərbaycana uçuşlar
Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib.
Həmin qərara əsasən yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər. Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunmalıdır.
Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.
Koronavirus bəlası
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 176,6 milyonu keçib, 3,82 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Eləcə də oxuyun:
Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər
İlham Əliyevin köməkçisi quru sərhədlərinin açılması məsələsinə aydınlıq gətirib