BAKI, 18 iyun — Sputnik. Ağdaş sakini qardaşını güllələyərək qətlə yetirib, həmkəndilisini isə yaralayıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri Rəşad Kərəmoğlu xəbər verir ki, hadisə rayonun Abad kəndində, sakinlərin gözü önündə baş verib.
Kənd sakini 63 yaşlı Mustafa Aləşrəfov həmkəndlisi 49 yaşlı Cəmil Quliyevlə mübahisə edib. Yaranan mübahisədən sonra onu öldürmək qərarına gəlib.
Evində olan təklülə ov tüfəngini götürərək Cəmil Quliyevi öldürmək üçün onun olduğu yerə üz tutub. Bu zaman baş verənlərdən xəbər tutan qardaşı, 53 yaşlı Qələndar Aləşrəfov onunla bərabər Quliyevin olduğu yerə getmək qərarına gəlib. Elə hər şey də bundan sonra başlayıb. Mustafa Aləşrəfov onu sakitləşdirməyə çalışan qardaşı ilə mübahisə edib. Elə bu zəmində də onu ov tüfəngi ilə qətlə yetirib.
Mərhumun qohumlarının sözlərinə görə, Aləşrəfov qardaşları arasında indiyədək heç vaxt hər hansı bir ədavətin, münaqişənin olduğunu müşahidə etməyiblər. İstər qohumları, istərsə də kənd sakinləri hələ də hadisənin şokunu yaşayırlar.
Hadisə nəticəsində Cəmil Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən dərhal Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan da Mingəçevir Şəhər Xəstəxanasına aparılıb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.