BAKI, 17 iyun — Sputnik. İyunun 16-da Cenevrədə Rusiya-ABŞ sammiti baş tutub. İki dövlətin liderləri bir sıra mühüm məsələləri müzakirə ediblər.
Rusiya və ABŞ prezidentlərinin mayın 16-da Cenevrədə baş tutan görüşü müsbət keçib – bu fikri prezidentin mətbuat katibi Dmitri Peskov "Exo Moskva" radiostansiyasının efirində səsləndirib.
Onun sözlərinə görə, bu görüş sayəsində tərəflər hansı sahələrdə əməkdaşlıq edə biləcəklərini, hansı sahələrdə isə hələlik bunun mümkün olmayacağını anlaya biliblər.
“Moskva lap əvvəldən sammitdən yüksək nəticələr gözləməkdən uzaq olub. Ancaq indi ilk növbədə prezidentin özünün qiymətləndirməsinə istinadla deyə bilərik ki, görüş müsbət keçib”, – deyə mətbuat katibi vurğulayıb.
Onun sözlərinə görə, görüşdə nəticə əldə olunub, belə ki, “liderlər öz mövqelərini bir-birinə birbaşa bildirmək imkanı qazanıblar, harada əməkdaşlıq edə biləcəklərini, hansı sahələrdə isə kəskin fikir ayrığı səbəbindən bunun hələlik baş tutmayacağını az-çox anlaya biliblər”.
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Baydenin ilk görüşünə diqqət böyük idi. Xüsusi ilə nəzərə almaq lazımdır ki, ABŞ Prezidenti rusiyalı həmkarını "qatil" adlandırdıqdan sonra ona onunla görüşməyə razılıq vermişdi. Danışıqların asan keçməyəcəyi əvvəldən bəlli idi. ABŞ və Rusiya Administrasiyası görüşdən qabaq bunun siqnallarını verirdilər. Belə ki, hələ görüşdən qabaq Rusiya-ABŞ sammiti çərçivəsində hər hansı birgə sənədin imzalanmayacağı, hətta prezidentlər Vladimir Putin və Co Baydenin görüşün yekunlarına dair birgə deyil, ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəyinə dair məlumatların yayılması görüşün gərgin keçəcəyinin xəbərçisi idi.
Rusiya və ABŞ liderlərinin görüşü gözlənilənlərin əksinə 5 saat deyil, 3,5 saat çəkdi. Bu vaxta görüş zamanı edilən fasilənin müddəti də daxil idi. Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib ki, amerikalı həmkarı Co Baydenlə qurumlararası səviyyədə strateji sabitliyə dair məsləhətləşmələrə dair razılığa gəliblər. O vurğulayıb ki, hər iki ölkə dünyada strateji sabitliyə dair xüsusi məsuliyyətin olduğunu anlayır. Tərəflər, həmçinin Rusiya və ABŞ səfirlərinin müvafiq olaraq Vaşinqton və ya Moskvaya geri qayıtmaları barədə razılığa gəliblər.
"La Qranj" iqamətgahında keçirilən görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.
"Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik.
Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq", - deyə birgə bəyanatda bildirilib.
Ekspertlər isə Putin-Bayden sammitini olduqca ehtiyatlı sammit olaraq dəyərləndiriblər. Hər iki ölkə liderinin ayrı-ayrılıqda keçirdikləri mətbuat konfransında səsləndirdiyi fikirlərə baxdıqda aydın olur ki, Cenevrədə baş tutan Rusiya-ABŞ sammiti çətin ki hər iki ölkə arasında gərginliyə son qoyacaq.
Maraqlı bir nüans. Görüşdən bir gün qabaq Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, görüş zamanı liderlər Dağlıq Qarabağ, Ukraynadaxili böhran və Belarusdakı vəziyyətə ayrıca diqqət ayıracaq. Lakin nə Vladimir Putin, nə də Co Bayden Rusiya-ABŞ sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağa dair bir kəlmə belə işlətməyiblər. Bəlkə də liderlər təkbətək müzakirələr zamanı Vətən müharibəsinə, Qarabağ və Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirə edib, lakin bu barədə nəsə açıqlama verməyi özlərinə rəva bilməyiblər.
Çərşənbə günü, iyunun 16-da İsveçrədə Rusiya və ABŞ liderlərinin görüşü keçirilib. Cenevrədəki "La Qranj" iqamətgahında öncə Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden 3,5 saat müddətində təkbətək görüşüblər. Sonra isə hər iki tərəfin nümayəndə heyətlərinin geniş tərkibdə ikitərəfli görüşü keçirilib. Rusiya Prezidenti Vladimir Putin görüşdən sonra jurnalistlərin suallarını cavablayıb. Bir qədər sonra Bayden də media önünə çıxıb.
Qarşılıqlı hədiyyələr
Dünya liderləri görüşə əliboş gəlməyiblər. Vladimir Putin amerikalı həmkarına xoxlomadan "Moskva" yazı dəsti, Co Bayden isə ona büllur heykəl və aviator eynəyi bağışlayıb.
Səfirlər qayıdırlar
Rusiya lideri qeyd edib ki, hər iki ölkənin səfirləri işlərinin başına dönəcəklər.
"Konkret nə vaxt - sabah, yoxsa birigün - bu, sırf texniki məsələdir", - V.Putin deyib.
Tərəflər məhkum olunmuş şəxslərin mübadiləsini də müzakirə ediblər.
"Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti bu istiqamətdə işləyəcəklər", - Rusiya lideri Amerika həbsxanalarında cəza çəkən bəzi rusiyalıların qaytarılması barədə sualı cavablandırarkən deyib.
Ukrayna məsələsi
Danışıqlarda Ukrayna məsələsinə də toxunulub. V.Putin qeyd edib ki, Ukraynada vəziyyətin stabilləşdirilməsində əsas kimi Minsk razılaşmaları götürülməlidir və Bayden bununla razıdır.
"Strateji sabitlik üzrə idarələrarası səviyyədə müzakirələrin başlanması barədə Baydenlə razılığa gəldik", - Rusiya Prezidenti deyib.
Kiberhücumlar
Kiberhücumlara gəldikdə isə Putin qeyd edib ki, ABŞ Rusiyanın sorğularına etinasız yanaşır: Rusiya ABŞ-ın kiberhücumlar barədə sorğuları üzrə bütün məlumatı təqdim edir, ancaq özümüz heç bir cavab almırıq".
O, Rusiyanın kiberhücumlar edən dövlətlərin siyahısında yer almadığını qeyd edib: "Kimin üzərinə hansı vəzifəni götürməsi barədə. Geniş publikaya məlum olmayan bəzi məlumatları çatdırmaq istəyirəm... Amerika mənbələrindən məlum olur ki, dünyada kiberhücumların ən böyük hissəsi ABŞ-dan edilir, ikinci yerdə Kanadadır. Sonra iki Latın Amerikası ölkəsi gəlir. Sonra Böyük Britaniya. Ərazilərindən böyük sayda kiberhücumlar həyata keçirilən dövlətlər sırasında Rusiya yoxdur".
Navalnı haqda
"Navalnı şüurlu şəkildə həbs olunmağa doğru gedirdi", - rusiyalı bloger və müxalifətçi Aleksey Navalnı barədə sualı cavablayan Putin deyib.
"Əvvəla, o adam qanunu pozduğunu bilirdi və bunu şuürlu şəkildə edirdi", - Rusiya prezidenti əlavə edib.
Düşmənçiliyin kökü
V.Putin bildirib ki, ABŞ Rusiyanı hələ 2017-ci ildən özünün rəqibi və düşməni elan edib.
"Birləşmiş Ştatlar Rusiyanı özlərinin düşməni, rəqibi elan etdi, Konqres bunu 2017-ci ildə qəbul etdi. Birləşmiş Ştatların qanunvericiliyinə ABŞ-ın bizim ölkəmizdə demokratik idarəçiliyi və qanun-qaydanı, eləcə də siyasi təşkilatları dəstləkləməyə borclu olduğu barədə müddəalar daxil edilib", - Putin vurğulayıb.
"Qatil" sözünə görə cavab
Vladimir Putin deyib ki, ABŞ Prezidenti Co Baydenin onun ünvanına söylədiyi kəskin ifadələrə görə verdiyi izahatdan razı qalıb.
"Kəskin bəyanatlara dair: nə demək olar, hamımız onları eşitmişik. Ondan sonra Bayden mənə zəng vurdu, izahat verdi, bu izahat məni qane etdi, o da görüşməyi təklif etdi - bu, onun təşəbbüsüdür, biz görüşdük", - Rusiya lideri söyləyib.