BAKI, 17 iyun — Sputnik. Sputnik, Nikita Çikunov. Dünən Rusiya və ABŞ prezidentlərinin Cenevrədə görüşü keçirilib. Hər iki lider görüşün nəticələrindən razı qalıblar. Bəs, danışıqlar ölkələr arasında yaxınlaşmaya və sanksiyaların yumşaldılmasına gətiribmi? İki liderin söhbəti Rusiyanın Avropa ilə münasibətlərinə necə təsir edəcək? Bu barədə Sputnik-in materialında.
Gələcəyə hesablanmış nəticələr
İyunun 16-da Cenevrədə Vladimir Putin və Co Bayden arasında keçirilmiş görüş iki ölkə arasındakı münasibətlərdə inqilabi dəyişikliklərə gətirmədi, lakin danışıqlar tam və dolğun dialoqun başlanğıcını qoya bilər. "Rissiya Seqodnya" BİA beynəlxalq multimedia mərkəzində sammitin nəticələrinə həsr olunmuş müzakirədə iştirak edən ekspertlər bu fikirdədilər.
Rusiya beynəlxalq məsələlər üzrə Şurasının (RBMŞ) baş direktoru Andrey Kortunovun fikrincə, prezidentlərin görüşünün vacib nəticəsi Rusiya və ABŞ-ın strateji silahlara nəzarətə sadiq olmaları barədə birgə bəyanatın olub.
"Strateji hücum silahları – 3" müqaviləsinin müddəti daha beş il uzadılmasına rəğmən, vaxt o qədər də çox deyil. Çox istərdik ki, tərəflər silahlara nəzarətə dair yeni model barədə razılığa gəlsinlər", — deyə o bildirib.
Ekspert onu da əlavə edib ki, ABŞ-ın qarşılıqlı məsləhətləşmələrin mövzuları sırasına kibertəhlükəsizlik problemini daxil etməsi də kifayət qədər əhəmiyyətli görünür. Əvvəllər bu cür fikirlərə Amerika tərəfi mənfi münasibət bəsləyirdi və Moskvanı heç bir sübut olmadan haker hücumlarında ittiham etməyə üstünlük verirdi.
Daha sonra Kortunov deyib ki, səfirlərin qarşılıqlı surətdə Moskva və Vaşinqtona qaytarılması da müəyyən nikbinlik doğurur. Lakin ekspert onu da qeyd edib ki, diplomatik münasibətlərin tam bərpası üçün bu kifayət deyil.
"Səfirlər bir növ "general"lardır. Amma istənilən generalların "ordusu" olmalıdır. Bu o deməkdir ki, hər halda səfirliklərin işini tam həcmdə bərpa etmək, diplomatları, konsulluq xidmətlərini qaytarmaq lazımdır", — deyə mütəxəssis bildirir.
Rusiya elmlər akademiyası ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov hesab edir ki, Rusiya-ABŞ münasibətlərində çoxlu problem qalaqlanaraq qalıb və onlar elə ilk görüşdən sonra yoxa çıxmayacaq.
"Zirvə görüşü məsləhətləşmələrə, danışıqlara start verməlidir. Əgər işçi qruplar formalaşdırılsa, görüşlər başlasa və bütün bunları dövlət başçılarının telefon danışıqları və əyani görüşləri tamamlasa, o zaman dialoq bərpa olunacaq. Nəticələri artıq yaxın həftələr ərzində görəcəyik", — deyə ekspert proqoz verib.
Trampın getdiyi yolu təkrar etməmək
Qarbuzov hesab edir ki, Cenevrə sammiti qeyri-iradi olaraq Vladimir Putinlə Donald Tramp arasında 2018-ci ilin iyulunda – demək olar ki üç il əvvəl Helsinkidə keçirilən görüşlə müqayisə olunur.
"Trampla danışıqlardan da hamının çoxlu gözləntiləri vardı. Bəziləri bu görüşü hətta tarixi görüş hesab edirdilər. Söhbət xoş keçmişdi, hamının üzündə təbəssüm vardı. Nəticədə isə hər şey "qum dəryasında batdı". Cenevrədəki zirvə görüşü barədə də gələcəkdə eynilə bu cür danışmağı istəməzdim", — deyə ekspert fikirlərini bölüşüb.
Kortunov bildirir ki, bununla yanaşı, Putunlə görüşün kifayət qədər tez təşkil olunması Baydenin xeyrinədir. ABŞ-ın əvvəlki prezidenti Donald Trampa Rusiya lideri ilə ilk və son ayrıca görüşün keçirilməsi üçün il yarım vaxt lazım olmuşdu.
Qarbuzovun qənaətinə görə, daha bir fərq isə Bayden və Tramp administrasiyalarının Rusiya-ABŞ münasibətlərini müxtəlif cür qəbul etməsindədir.
"Ağ Evin hazırkı rəhbərliyi Rusiyaya qarşı "yeni" adlandırılan münasibətdən – seçmə əməkdaşlıqdan danışır. Bu ilişmək üçün çox yaxşı bir səbəbdir. Gələcək əməkdaşlığın əsas xətti silahlara nəzarət, strateji təhlükəsizlik problemləri ola bilər. Gələcəkdə gündəliyi genişləndirmək olar. Görüşün nəticələri əsasında tərəflərin imzaladığı bəyannamə çox şey vəd edən bir başlanğıcdır", — deyə ekspert bildirib.
Avropa, sanksiyalar və Ukrayna
Valeri Qarbuzovun fikrincə, ABŞ-Rusiya münasibətlərində hətta kiçik bir "istiləşmə" Vaşinqtonun avropalı müttəfiqlərinin anti-Rusiya ritorikasının zəifləməsini qaçılmaz edəcək. Odur ki, sammitin müsbət nəticələnməsi geosiyasi cəhətdən Moskva üçün sərfəlidir.
"Artıq Brüsseldə Rusiya ilə əməkdaşlıq tərəfdarları üçün bir qədər rahat olacaq. Çünki Aİ-nin nəzərləri istənilən halda Vaşinqtona yönəlir. Onlar ABŞ-ın Rusiyaya münasibətdə mövqeyini nəzərə alırlar. Hesab edirəm ki, Almaniya, İtaliya və Fransadakı həmkarlarımız üçün yeni təşəbbüslər irəli sürmək, Moskva ilə qarşılıqlı fəaliyyətə dair yeni formatlar təklif etmək Cenevrədəki görüşdən əvvəlkinə nisbətən daha asan olacaq", — deyə Kortunov həmsöhbəti ilə razılaşıb.
Ekspert həmçinin danışıqların işi 2014-cü ilin aprelində dayandırılmış Rusiya-NATO Şurasının işinin bərpa edilməsinə kömək edəcəyini də istisna etmir. Əlaqələrin bərpası Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün əlavə imkanlar yarada bilərdi.
RBMŞ-nin proqram direktoru İvan Timofeyev hesab edir ki, Rusiyaya qarşı Qərb sanksiyaları məsələsində heç bir dəyişiklik baş verməyəcək.
"ABŞ-ın heç bir sanksiyası yaxın vaxtlarda ləğv olunmayacaq. Bunun üçün zəmin yoxdur. Bir sıra sanksiyalar ABŞ qanunvericiliyində təsbit olunub. Bayden yalnız onların təsirini dayandıra bilər, necə ki, "Şimal axını-2" ilə bağlı oldu. Lakin ləğv edə bilməz. Düşünürəm ki, sanksiyalar yumşalmayacaq da. Amma yeni "əjdaha" tədbirlərin olacağını da gözləmək lazım deyil", — deyə o bildirib.
Kortunov isə bildirib ki, iki ölkənin liderləri yenə də bəzi vacib məsələlərə dair qarşılıqlı anlaşmaya nail ola bilmədilər. Ekspertin fikrincə, bu cür problemli mövzulardan biri Ukraynadır. Bu məsələdə tərəflərin baxışları ciddi şəkildə fərqlənir – hələ ki, tərəflərin mövqelərinin vəhdətinə ümid etmək mümkün deyil.
"Hər iki prezident bu mövzuya toxunub, lakin heç bir razılığa gəlmədilər. Ümumi bir anlaşma var ki, Minsk razılaşmalarına riayət olunmalıdır. Problem ondadır ki, həmin razılaşmalara riayət olunması Rusiya və ABŞ tərəfindən fərqli başa düşülür. Düstur təkrar olundu, lakin hər kəs öz fikrində qaldı. Ukrayna məsələsi qaldırılırdı, lakin bu istiqamətdə irəliləyiş əldə olunmadı", — deyə İvan Timofeyev fikrini tamamlayıb.