BAKI, 17 iyun - Sputnik. Ötən gün Laçın rayonu ərazisində baş vermis qəza nəticəsində həyatını itirən Dövlət Sərhəd Xidmətinin (DSX) baş leytenantı Nəsibov Elməddin Süleyman oğlu dəfn edilib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri İlham Mustafa xəbər verir ki, o, doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.
13:34
Laçın rayonunda hərbçilərin yol qəzasında ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev APA-ya bildirib ki, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "MAZ" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu ölüblər.
Daxil olan sözügedən məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib:
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək".
Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında ölən hərbi qulluqçularına şəhid statusu veriləcək. Bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, qanunvericiliyə əsasən, yol qəzasında ölən hərbi qulluqçularımıza şəhid statusu veriləcək.
Qeyd edək ki, ötən gün saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.
Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.
Həmçinin oxuyun: