SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi dünyaya açıq mesajdır

Ölkəmizdə səfərə gəlmiş Türkiyə lideri bu gün azərbaycanlı millət vəkillərinin qarşısında çıxış edib.
Sputnik

BAKI, 16 iyun - Sputnik. Bu gün də bütün imkanlarımızla Azərbaycanı yanındayıq, bütün dünya bilsin ki gələcəkdə də Azərbaycanın yanında olacağıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Parlamentində çıxışı zamanı bildirib. 

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi

Türkiyə Prezidenti bildirib ki, Şuşa Molla Pənah Vaqifdən başlayaraq ədəbiyyatın vəsfini qoruyub:

“Şuşa dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın, rəşid Behbudovun və daha neçə sənətkarların, şairlərin yurdudur. Əhməd Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyədə də məşhur olan dahilərin məkanı olan Şuşa ayağa qalxır. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və ötən günlərdə Cıdır düzündə Şuşada keçirilən “Xarıbülbül” festivalı dünyaya verilən açıq mesajdır. Vaqif şeir festivalının da keçirilməsi üçün hazırlıqlar getməkdədir.

Bu il Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın gələcək il də Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnuniyyət duyarıq. Türk dünyasının dörd bir yanından gələcək mədəniyyət və sənət xadimlərinin bu gözəl şəhərdə görüşməsi, Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaq".

Qarabağın işğaldan azad edilməsi

Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir. Bu zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxış edərkən söyləyib.

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə danışan Türkiyə Prezidenti deyib: “Qafqazda sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişaf etdirilməsi, rifahın yüksəlməsi, əmin-amanlığın kök salması üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq”.

Münaqişənin ziyanlı və xeyir götürən tərəfləri barədə

Türkiyə lideri bildirib ki, geridə qoyduğumuz otuz ildə Qarabağda yaşanan çətin dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir: "Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır".

Otuz ilin kifayət qədər uzun müddət olduğunu vurğulayan qardaş ölkənin dövlət başçısı deyib: “Otuz il asan deyil. Mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən təəssüf ki, otuz il ərzində qaçqın düşüblər. O torpaqlar işğal altında idi. İşğal altındakı həmin torpaqlar otuz il sonra çox şükür ki, əsl sahiblərinə qovuşdu. Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasını seyr edənlər, daha doğrusu, işğalın davam etməsi üçün səy göstərənlər isə daim qazananın tərəfində olublar”.

Milli Məclisin xüsusi iclası

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçirilir.

Toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.

Türkiyə prezidenti iclasda deputatların önündə çıxış edir.

Türkiyə prezidentinin Azərbaycana səfəri

Türkiyə lideri Rəcəb Tayyib Ərdoöan iyunun 15-də Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində o, iyunun 15-də Şuşa şəhərində olub.