Yılmaz: Uels yığması ilə oyunda azarkeşlər bir başqa Türkiyə millisini görəcəklər

Türklərin hücumçusu Burak Yılmaz bildirib ki, Türkiyə yığmasının İtaliya və Uels komandalarına qarşı oyunu xeyli fərqli olacaq.
Sputnik

BAKI, 15 iyun — Sputnik. Türkiyə millisi Avropa çempionatının qrup mərhələsinin ikinci turunda Uels yığması ilə qarşılaşacaq. Birinci turda Türkiyə millisi İtaliya yığmasına 0:3 hesabı ilə məğlub olub.

"Başlanğıcın belə olmasını qətiyyən istəməzdik. Biz kifayt qədər məhsuldar toplantı keçirdik və vacib qərarlar qəbul etdik. Bəli, bu, çox pis başlanğıc idi. Lakin əminəm ki, sabah biz əsl Türkiyəni göstərəcəyik, oyunumuz ilk oyundan xeyli fərqli olacaq", - deyə Yılmaz mətbuat konfransında bildirib.

"İtaliyadakı oyundan sonra ilk iki gün əhvalımız çox pis idi. Özümüzü əzgin, darmadağın hiss edirdik. Lakin məşqçimizin komanda ilə sakit və xoş görüşləri oldu. Uels və İsveçrə oyunu heç-heçə bitdikdən sonra isə bizim ruh yüksəkliyimiz artdı. İndi isə ilk oyundan sonrakı neqativ ab-hava tamamilə yoxa çıxıb. Biz yenidən birlikdəyik, öz səhvlərimizi başa düşürük və çalışıb sabah onları düzəldəcəyik", - deyə futbolçu bildirib.