BAKI, 15 iyun — Sputnik. Azərbaycanda İlizarov aparatına abidə ucaldılıb
Qusar rayonunun mərkəzi küçələrindən birində dünya şəhrətli ortoped-cərrah Qavriil İlizarovun müəllifi olduğu aparatın instalyasiyası açılıb. Sputnik Azərbaycan xəbər verir ki, abidənin müəllifi Fərhad Əzizovdur.
Şəhərin Qavriil İlizarov və Fəxrəddin Musayev küçələrinin kəsişməsində quraşdırılmış abidənin hündürlüyü 6,5 metrdir. Abidə Qusarda fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinin təşəbbüsü ilə ərsəyə gəlib.
İnstalyasiyanın açılışında İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin üzvü Anatoli Tafailov, “Azİz” beynəlxalq assosiasiyasının sədri Vahid Bayramov, yəhudi təşkilatlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları İlizarovun unikal şəxsiyyət olduğunu dilə gətirərək, onun travmotologiya və ortopediyanın inkişafına verdiyi töhfədən danışıblar.
Daha sonra yenilikçi-həkim və görkəmli ixtiraçı olan İlizarovun hazırladığı kompresion-distraksiya aparatının dünyada neçə-neçə insanın ağır travmalardan sonra bərpa olunmasında oynadığı roldan söz açılıb.
İyunun 15-də həmçinin Qırmızı Qəsəbədəki Dağ yəhudiləri muzeyində dahi həkimin 100-illiyinə həsr olunmuş sərginin də açılışı olub. Sərgidə məşhur təbibin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallar, İlizarov aparatının 3D modeli, təbibin 100 illiyinə həsr olunmuş xatirə medalı və digər ekspanatlar nümayiş olunur.
İlizarov aparatının Vətən müharibəsi zamanı yaralanmış yüzlərlə azərbaycanlı hərbçinin taleyində oynamış xüsusi rolu qeyd etmək lazımdır. Bir çox cəsur döyüşçülərimizə Qavriil İlizarovun ixtirası yenidən əzab-əziyyət çəkmədən yaşamağa imkan yaradıb.
Görkəmli ortoped-cərrah, professor, ixtiraçı, Rusiya elmlər akademiyasının akademiki, tibb elmləri doktoru Qavriil Abramoviç İlizarov 15 iyun 1921-ci ildə bir zamanlar Belorusiya SSR-ə daxil olmuş Belovej adlı yerdə yəhudi ailəsində anadan olub. Qavrilin 7 yaşı olanda ailəsi ilə birlikdə ata yurduna - Qusar rayonuna köçüblər. Onun atası Abram burada yaşayan dağ yəhudilərindən idi. Qusarda səkkiz illik məktəbi bitirən gələcəyin məşhur cərrahı ilk tibb təhsilini Dağıstanda alıb.
Krım Dövlət Tibb İnstitutunda ali təhsil alan İlizarov bundan sonra həkim kimi fəaliyyətə başlayıb. Onun 1947-ci ildə ixtira etdiyi aparat sınıqların müalicəsində ən effektiv üsullardan sayılır. Dünyaca məşhur Qavril İlizarovu ixtirasına görə həkim-sehrbaz adlandırırlar. Bir çox ali dövlət mükafatları ilə təltif olunan Qavril İlizarov 1992-ci ildə 71 yaşında vəfat edib.
Bütün həyatı boyu çoxlu sayda əməliyyatlar keçirmiş cərrah 208 tibbi ixtiranın müəllifidir. Onlardan 18-i dünyanın 10 ölkəsində patentləşdirilib.
Qusarda yerləşən özəl tibb müəssisəsinin təşəbbüsü ilə yaradılan abidə öz ixtirası ilə minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olan məşhur həkimin xatirəsinə hörmət əlaməti olaraq ucaldılıb.