HADİSƏ

İki azyaşlını elektrik cərəyanı vurdu - Ölən var

On iki yaşlı Polad Fərhad oğlu Poladov və on üç yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar.
Sputnik

BAKI, 14 iyun — Sputnik. İyunun 13-də Quba rayonunda 2 azyaşlını elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Quba rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar. Polad Fərhadov dünyasını dəyişib, digərinin isə vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, daha öncəki illərdə də bənzər hadisələr baş verib. 2019-cu ildə Tərtər rayonunda 2 yaşlı uşağı elektrik cərəyanı vurmuşdu. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.