RUSİYA

Rusiya istehsalı olan "Sputnik V"-nin ilk partiyası Türkiyəyə çatdırılıb

Bununla da Çin istehsalı “Sinovac”, Almaniya istehsalı “Biontex” peyvəndindən sonra “Sputnik V” vaksini Türkiyədə kütləvi tətbiq ediləcək üçüncü vaksin olacaq.
Sputnik

BAKI, 14 iyun - Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin ilk partiyası bu gün Türkiyəyə çatdırılıb.

Sputnik Türkiyə xəbər verir ki, “Sputnik V” peyvəndinin ilk partiyasını daşıyan təyyarə Ankara Esenboğa hava limanına enib.

Bununla da Çin istehsalı “Sinovac”, Almaniya istehsalı “Biontex” peyvəndindən sonra “Sputnik V” vaksini Türkiyədə kütləvi tətbiq ediləcək üçüncü vaksin olacaq.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca iyun ayının sonunadək Türkiyəyə 30 milyon doza “Sputnik V”nin idxal ediləcəyini bildirib. O, hələ aprel ayında Türkiyənin 6 ay ərzində 50 milyon doza "Sputnik V" alacağını demişdi. 

 “Sputnik V”nin Türkiyədə istehsalı üçün də iki ölkə arasında müqavilə imzalanıb.

Türkiyədən Rusiyaya təşəkkür 

Türkiyə səhiyyə naziri Fahrettin Koca may ayında koronavirusla mübarizədə dəstək üçün Rusiyaya təşəkkür edib.

"Rusiyanın "Sputnik V" vaksini hazırlanmağa başlayandan bəri biz onun tədarükü üçün əlaqə qurmuşuq. İndi bu vaksinin tədarükü üçün razılaşma imzalanıb. Mən bu razılaşmaya görə Rusiya hökumətinə təşəkkürümü bildirirəm", - Koca jurnalistlərə deyib. 

O əlavə edib ki, Türkiyə müxtəlif koronavirus vaksinlərindən 270 milyon doza sifariş verib, bu isə ölkə əhalisinin sayından üç dəfə çoxdur. 

Sputnik V vaksini

Fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.