BAKI, 14 iyun — Sputnik. Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb:
"Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm"
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.
Qeyd edək ki, Namiq Qaraçuxurlu Azərbaycanda meyxana sənətinə bir çox yeniliklər gətirib. Uzun illər meyxana sənəti ilə məşğul olan sənətçi "Rəvayət" adlı meyxansı ilə tamaşaçıların qəlbinə yol tapıb. Həmin meyxanadan sonra gündəmdən düşməyən meyxanaçı səhnəmizin bir çox müğənniləri ilə duet ortağı olub.