MƏDƏNİYYƏT

"Bizimlə şantaj dilində danışmaq mümkün deyil" - Anar Kərimov

Azərbaycanın mədəniyyət naziri bildirib ki, YUNESKO-nun Azərbaycana texniki missiyasının başlanması gözlənilir. Bu danışıqlar heç də asan keçmir.
Sputnik

BAKI, 12 iyun — Sputnik. "Vətən müharibəsindən sonra YUNESKO-nun Azərbaycana qarşı qərəzli bəyanatlarını gördük". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ancaq onlar öz səhvlərini başa düşdülər və hal-hazırda daha konstruktiv mövqedən çıxış edirlər:

"Biz onlardan bu konstruktivliyi, ədalətli mövqeyi gözləyirik. Biz onlardan beynəlxalq hüquqa əsaslanan mövqe gözləyirik. Bu neçə il ərzində biz YUNESKO-nun ozamankı işğal olunmuş ərazilərimizdə monitorinq missiyası keçirmələrini gözlədik. Əfsuslar olsun, heç bir nəticə əldə etmədik. Onların Vətən müharibəsindən sonra verdiyi bəyanatlar bizi qane etmədi. Lakin bizim sərt mövqeyimizdən sonra artıq onlar başa düşdülər ki, bizimlə şantaj dilində danışmaq mümkün deyil, çünki biz başqa Azərbaycanıq.

İndi biz YUNESKO-nun mövqeyində konstruktiv yanaşmaları müşahidə edirik. YUNESKO-nun Azərbaycana texniki missiyasının başlanması gözlənilir. Bu danışıqlar heç də asan keçmir, ancaq biz mövqelərimizdən dönmürük. Məqsədimiz də ondan ibarətdir ki, YUNESKO nümayəndələri gəlib Qarabağda erməni cinayətlərinin, vandallıqlarının şahidi olsunlar".

Bundan başqa, nazir Çıraqqala tarixi abidəsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı planlarından danışıb. O bildirib ki, 2019-cu ildə başlanılan bərpa konservasiya işlərinin cari ilin sonuna yekunlaşdırılmsı planlaşdırılır. Nazir həm də qeyd edib ki, abidənin və istehkam yerlərinin YUNESKO-nun ümumdünya mədəni irs siyahısına daxil edilməsi planlaşdırılır.

YUNESKO nə işlə məşğuldur

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanıb, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət YUNESKO öz rəsmi fəaliyyətinə başlayıb.

Hazırda YUNESKO 195 ölkə və 10 Assosiativ Üzvdən ibarətdir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, YUNESKO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.

1980-ci illərin sonlarından başlayaraq YUNESKO BMT-nin beynəlxalq mədəni əməkdaşlıq sahəsində xüsusi mandatına uyğun olaraq mədəniyyət sahəsində qlobal proseslər və onların yaratdığı risklərin proqnozlaşdırılması ilə bağlı informasiyanın toplanması, ümumiləşdirilməsi və müqayisəli təhlili üzrə çoxtərəfli iş həyata keçirir. Təşkilatın o zamankı sədri Fredriko Moyorun rəhbərliyi ilə hə­yata keçirilən təşəbbüslərdən biri də Mədəniyyət və inkişaf üzrə Ümumdünya Komissiyasının yaradılması oldu (Komissiyaya BMT-nin keçmiş Baş katibi Peres de Kuelyar başçılıq etdiyindən, o, "Kuelyarın komissiyası" adını almışdır - S.Ə.).

1998-ci ildə Komissiya tərəfindən mədəniyyətə dair YUNESKO-nun ilk ümumdünya məruzəsi nəşr edildi. Bu unikal nəşrdə dünya mədəniyyətində baş verən əsas meyillər səciyyələndirilmiş, mədəniyyətlə inkişaf, mə­dəniyyətlə müasir dünya prosesləri arasında sıx əlaqənin olması təsdiq edilib. Sənəddə həmçinin milli hökumətlərə öz daxili strategiyalarında ənənəvi mədəniyyətləri və mədəni plüralizm məsələlərini nəzərə almaq tövsiyə edilib. Həmin ilin aprelində YUNESKO-nun himayəsi altında Stokholm şəhərində inkişaf naminə mədəni siyasətə dair ilk hökumətlərarası Konfrans keçirilib.

YUNESKO - Azərbaycan əlaqələri

Ulu Öndər Heydər Əliyev mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun baş direktoru Federiko Mayorla görüşüb. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.

YUNESKO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ulu Öndər Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalayıb.

Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, xarici işlər naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilib. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi təsis edilmiş və Eleonora Hüseynova Daimi Nümayəndə təyin olunub. (2004-2014).

15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilib.

Eləcə də oxuyun:

  • UNESCO-da "İpək Yolu gənclərin gözü ilə" foto-müsabiqə keçiriləcək
  • Mədəniyyət naziri Kəlbəcərdəki son hadisəyə görə UNESCO-ya çağırış etdi

  • "Qarabağda ermənilərin törətdiyi vandalizm artıq dünya ictimaiyyətinə çatdırılır" - Nazir