BAKI, 11 iyun — Sputnik. Başa çatmaqda olan 11 iyun həm də cinayət, qayda pozuntusu halları ilə yadda qaldı. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa istinadən günün xronikasını təqdim edir:
Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Aşağı Qarxun kənd sakinləri Bəhruz Rzayev və Məcid Əbdürrəhimov saxlanılıb. Onların kənd ərazisindəki sahədə uzunluğu 80 sm-dən 220-sm-dək, ümumi çəkisi 107 kiloqramdan artıq olan 80 ədəd çətənə bitkisini aqrotexniki qaydada yetişdirdikləri müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman əlavə olaraq 7 kiloqram 765 qram qurudulan marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Sumqayıtda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlərə qarşı profilaktik tədbir
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Vətəndaşlardan tələb olunur ki, Nazirlər Kabinetinin müvafiq qərarına əməl edərək şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi qoruyucu maskalardan mütləq şəkildə istifadə etsinlər. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında əldə olunan müsbət dinamikanın qorunub-saxlanılması hər birimizin öz əlindədir.
“COVİD 19” testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi
Məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb.
Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilib ki, “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə “Oxygen” və “Leyla Medical Center” klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilən neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərlə bağlı fakta görə “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
Döyülmə faktı ilə bağlı araşdırma aparılır
Martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.
Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. V. Vəliyev şübhəli şəxs qismində tutulub.
Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə istintaq edilmiş cinayət işi üzrə həm əvvəl, həm də bu gün keçirilən məhkəmə iclası zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın şərti tətbiq edilməsi xahiş edilib.
Taksi sürücüsü ilə bağlı həbs qərarı
2020-ci il avqustun 05-də şəhər sakini Əli Cəfərovun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Respublika Kliniki Xəstəxanasına yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, İbrahim Dadaşov şərikli taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona idarəetməyə verilən avtomobilin geri tələb edilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı tanışı Əli Cəfərovu mətbəx bıçağı ilə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
İbrahim Dadaşov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Əmək müqaviləsi bağlamadan işəgötürməyə görə inzibati xəta haqqında iş üzrə icraat başlanıb
“Arzulu firması” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Qazax rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Toplanan materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Arzulu firması” ASC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.
Ağdaşda peşə məktəbində araşdırma aparılıb
Ağdaş Peşə Məktəbində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş kollektiv müraciət əsasında Ağdaş rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırma ilə müəyyən edilib ki, Ağdaş Peşə Məktəbində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq təhsil almayan tələbələrə təqaüdün, mövcud olmayan təlim ustalarına əmək haqqının verilməsinin, eləcə də tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılmış ümumilikdə 70 min manat məbləğində pul vəsaiti mənimsənilib.
Qeyd edilən fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Adam oğurluğu
Adam oğurluğu İyunun 8-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rusiya Federasiyasının vətəndaşı Mirhəsən Seyidovun naməlum şəxslər tərəfindən oğurlanması və azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pulun tələb edilməsi barədə müraciət daxil olub.
Qeyd edilən müraciətlə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin gün saat 16 radələrində Rafiq Hüseynov tanışı Anar Mehdiyevlə qabaqcadan əlbir olub Rusiya Federasiyasında biznes fəliyyəti ilə məşğul olan dayısı Mirəkbər Seyidovdan xüsusilə külli miqdarda pul tələb etmək məqsədilə sonuncunun oğlu Mirhəsən Seyidovu Bakı şəhəri Ramana qəsəbəsində yerləşən evinə dəvət etmiş, birlikdə yemək yedikdən sonra isə Mirhəsən Seyidovun əllərini və ayaqlarını yapışqanlı lentlə oturaq vəziyyətdə bağlayıb faktiki öz iradəsinə zidd qanunsuz azadlıqdan məhrum etməklə mobil telefonla fotoşəklini çəkərək dayısı Mirəkbər Seyidova göndərmiş və oğlunun azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pul vəsaitini tələb edib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.4-cü (hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
11.06.2021-ci il tarixdə Anar Mehdiyev və Rafiq Hüseynov CM-nin qeyd edilən maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azyaşlı suda batıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 11.06.2021-ci il tarixində axşam saatlarında 1 azyaşlının (şəxsiyyəti dəqiqləşdirilir) Yuxarı Qarabağ su kanalına (Mingəçevir şəhəri ərazisi) düşməsi barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanala düşmüş şəxsin axtarışlarına cəlb olunub.
Əlavə məlumat veriləcək.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
Qəsdən adamöldürməyə görə cinayət işi məhkəmədə
Rusiyada sifarişlə törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı istintaq edilmiş cinayət işi məhkəməyə göndərilib.
31 yanvar 2019-cu il tarixdə Rusiya Federasiyasının Arxangelsk vilayətinin Karqopol rayonu ərazisində Azərbaycan Respublikasının vətəndaşı Ruslan Hüseynovun sifarişlə qəsdən öldürülməsi faktı ilə bağlı Rusiyanın İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin iştirakları müəyyən edildiyindən, ayrılmış cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.
İstintaqla müəyyən edilmişdir ki, Varis Səmədov yuxarıda qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs və onun yaxın qohumlarının şəxsi və ailə sirri olan foto və videoçəkilişlərini əldə edərək rüsvayedici məlumatlar yaymaq və şəxsiyyətləri üzərində zor göstərmək hədəsi ilə xüsusilə külli miqdarda əmlak tələb edib, habelə sifarişlə və hədə-qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə cinayətinin törədilməsi üçün qrup üzvlərinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmələrinə təşkil və rəhbərlik edib, bundan başqa sifarişlə qəsdən adam öldürmə cinayətini törətməsi üçün həmin cinayətə görə Rusiyada məhkum olunan Ruslan Tarasovla sövdələşərək onu cinayətin törədilməsinə təhrik edib.
Cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadə cinayətin törədilməsində iştiraklarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 (cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 32.4 (təhrikçi), 32.5 (köməkçi), 120.2.1 (qəsdən adam öldürmə), 182.4 ( hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.