"Çıraqqala"nın YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi gözlənilir

Tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilib. Təqribən 2 hektarlıq ərazini əhatə edən "Çıraqqala" mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır.
Sputnik

BAKI, 11 iyun — Sputnik. "Çıraqqala" tarixi abidəsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı planlarımız var".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, abidənin və istehkam yerlərinin YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi gözlənilir:

"2019-cu ildə başlanılan bərpa-konservasiya işlərinin cari ilin sonuna yekunlaşdırılması planlaşdırılır"

Şabran rayonunda yerləşən "Çıraqqala" abidəsində aparılan bərpa-konservasiya işləri ilə tanışlıq məqsədilə Mədəniyyət Nazirliyinin nümayəndələri əraziyə baxış keçiriblər.

Dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılır.

2019-cu ilin iyul ayından başlanan bərpa-konservasiya işləri nəticəsində tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədilə ərazidə yerləşən meşənin içindən qalayadək eni 2 metr, uzunluğu 530 metr olan yol salınıb, tam yararsız vəziyyətə düşmüş körpü qaya daşları ilə bərpa olunub, sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərində yol çəkilib və taxtadan asma pillələr düzəldilib.

"Çıraqqala"nın tarixi 

Qeyd edək ki, Gilgilçay müdafiə səddi Xəzər dənizindən başlayaraq Böyük Qafqaz sıra dağlarının dərinliklərinə qədər, 120-130 km uzunluğunda böyük bir ərazini əhatə edir. Səddin baş tikilisi Şabran rayonu ərazisində yerləşən "Çıraqqala" abidəsi V-VI əsrlərdə inşa edilib.

Tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilib. Təqribən 2 hektarlıq ərazini əhatə edən "Çıraqqala" mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qala və qoruyucu divarların iri miqyasları, onların uzun müddətdə, çoxsaylı insan əməyi ilə ərsəyə gəldiyindən xəbər verir.

"Çıraqqala" müdafiə kompleksinin divarları böyük həcmli daş hörgüdən ibarət olub. Qalanın baş bürcü qaya üzərində yerləşməyinə baxmayaraq, qaya ilə hörgünün birləşdiyi yerdə hörgüdə böyük aşınma və dağıntılar baş verib. Digər bürc və divarlarda da vəziyyət ürək açan olmayıb, qalanın salamat qalan yerlərinin üzlük hörgü hissələrində dağıntılar əmələ gəlib. Hazırda bərpa-konservasiya işlərinin davam etdiyi "Çıraqqala" abidəsində həyata keçirilən işlər mühüm əhəmiyyət kəsb edir. Bu həm tarixi dəyər baxımından, həm də əraziyə turist səfərlərinin artması baxımından çox önəmlidir.