İQTİSADİYYAT

Pandemiyaya rəğmən: Bakıdakı beynəlxalq sərgidə nələr var - FOTO

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Operativ Qərargahın karantin rejimi tələblərinə tam əməl olunmaqla təşkil olunub.
Sputnik

BAKI, 10 iyun — Sputnik. Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi tələblərinə tam əməl olunmaqla təşkil olunub.

Aqrar sahəni yenidən inkişaf etdirmək üçün böyük imkanlar yaranıb

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: "İqtisadiyyatımızın bütün sahələrində, o cümlədən aqrar sahədə dinamik inkişaf davam edir. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi həmin ərazilərdə aqrar sahəni yenidən inkişaf etdirmək üçün böyük imkanlar yaradıb. Kənd təsərrüfatında mütərəqqi innovasiya və texnologiyalardan daha geniş istifadənin təmin olunması əsas vəzifələrdəndir. Bu baxımdan müasir texnologiyaların və ən yaxşı təcrübələrin transferində beynəlxalq aqrar sərgilər böyük əhəmiyyətə malikdir".

Pandemiyaya rəğmən: Bakıdakı beynəlxalq sərgidə nələr var - FOTO

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Caspian Event Organisers şirkətinin regional direktoru Edvard Stron bugünkü sərgini işgüzar əlaqələrin bərpa edilməsi və yeni əməkdaşlığın qurulması baxımından mühüm platforma adlandırıblar.

İnnovativ həllər və nailiyyətlər

Qeyd edək ki, "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərində ümumilikdə dünyanın 27 ölkəsindən 248 şirkət təmsil olunur. "Caspian Agro 2021" sərgisində "ağıllı ferma", heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və digər məhsullar nümayiş olunur. Sərgi həmçinin heyvandarlıq və quşçuluq, yem, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları bölmələrini əhatə edir. "InterFood Azerbaijan 2021" sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar təqdim edilir.

Kənd Təsərrüfatı Nazirliyinə məxsus pavilyonda aqrar sahə ilə bağlı innovativ həllər və nailiyyətlər nümayiş olunur. Belə ki, innovativ layihələr stendində gübrə və toxum səpən, eləcə də xəstəliyin yayıldığı sahələri müəyyən edən və dərmanlayan aqrodronlar təqdim edilir. Sərgi ziyarətçilərinə fermer və mexanizator arasında kommunikasiyanı idarə edən "AgroUber", eləcə də aqrar mobil laboratoriya layihələri barədə də məlumat verilir. Həmçinin, açıq məkanda dağlıq və dağətəyi zonalardakı sahələrdə taxıl biçən müasir kombaynların işləmə funksiyası əyani nümayiş etdirilir.

Pandemiyaya rəğmən: Bakıdakı beynəlxalq sərgidə nələr var - FOTO

3 gün ərzində davam edəcək sərgidə ilk dəfə olaraq "Regional İnkişaf" İctimai Birliyinin və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının könüllüləri də iştirak edirlər.

"InterFood Azerbaijan 2021" sərgisində təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür: "InterFood" (qida sənayesi), "InterDrink" (içkilər), "InterFoodTech" (texnologiyalar) və "HalalFood". Beləliklə, "InterFood Azerbaijan 2021" sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar (ət, süd, qənnadı məmulatları və sair), halal məhsullar, içkilər (çay, qəhvə, şirələr), baqqaliyyə məmulatları, inqrediyentlər, soyuducu, ticarət, çörəkbişirmə avadanlıqları, meyvə anbarları, sanitariya və gigiyena məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları, etiketləmə avadanlıqları, qablaşdırma avtomatları və bir sıra digər məhsullar təqdim edilir.

Pandemiyaya rəğmən: Bakıdakı beynəlxalq sərgidə nələr var - FOTO

Rusiya şirkətlərinin Azərbaycan sərgilərində iştirakı çox vacibdir - səfir

Sərgiyə gələn Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov qeyd edib ki, ölkəsinin şirkətlərinin Azərbaycanda keçirilən kənd təsərrüfatı və aqrar sənaye sərgilərində müntəzəm olaraq iştirakı çox vacibdir. 

"Koronavirusla bağlı müəyyən fasilə yaranmışdı. İndi böyük məmnuniyyətlə buraya gəlmişik. Nümayəndələrimiz, öz məhsullarını sərgiləyənlər, azərbaycanlı partnyorlarının bunlara böyük maraq göstərdiyini söyləyirlər. Burada müxtəlif müəssisələrimiz, bilavasitə fermer şirkətləri ilə kənd təsərrüfatı məhsullarını satanlar təmsil olunurlar. Gübrə və kənd təsərrüfatı üçün müxtəlif kimyəvi məhsullar satan, eləcə də nəhəng kənd təsərrüfatı texnikası istehsalçısı da var", - Rusiya səfiri Sputnik Azərbaycan-a bildirib. 

Boçarnikov qeyd edib ki, "Rostselmaş" şirkəti Azərbaycan ərazisində, Hacıqabul sənaye parkında taxılyığan kombaynların istehsalı üzrə nəhəng layihə reallaşdırır. 

Pandemiyaya rəğmən: Bakıdakı beynəlxalq sərgidə nələr var - FOTO

"Bu ilin payızından Azərbaycan bazarında böyük tələbata malik kщmbaynların yığılması və istehsalına başlanacağına ümid edirik. Onlar tamamilə yeni, texnoloji və operatorlar üçün rahatdır. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun bu stendə böyük diqqət ayırması bizə çox xoş oldu", - səfir qeyd edib.

Xüsusi işgüzar proqram

Bu il sərgilər üçün (COVID əleyhinə tədbirlər səbəbindən azaldılmış) xüsusi işgüzar proqram da nəzərdə tutulub. Belə ki, təşkilatçılar hər il rayonlardan olan fermerlər üçün sərgi üzrə turlar təşkil edəcəklər. İşgüzar proqramın əsas hadisəsi isə sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) olacaq. Bu görüşlər sərgi iştirakçıları, yerli istehsalçılar və distribüterlər arasında keçiriləcək. Mütəxəssislər üçün sərgilərə giriş yalnız dəvətnamə və ya elektron qeydiyyat əsasında tibbi maska ilə mümkündür. Ziyarət qaydalarının təfərrüatları ilə sərgilərin veb-saytında tanış olmaq olar.

Sərgilər həm alıcılar, həm də satıcılar üçün birləşdirici bənd funksiyasını yerinə yetirir. Həmçinin sərgilər aqrar-sənaye kompleksinin səmərəli inkişafına və qida məhsullarının "Made in Azerbaijan" brendi altında ixracına töhfə verən, o cümlədən innovasiyaların və yeni məhsulların bazara çıxarıldığı platformadır. "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı "Caspian Event Organisers" şirkəti və onun bir sıra xarici tərəfdaşlarıdır.