Sevastopol xilasediciləri Giliz körfəzindəki Fiolent burnu yaxınlığında dənizdə İkinci Dünya müharibəsindən qalmış 243 partlayıcı mərmi tapıblar. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sevastopol Baş İdarəsinin mətbuat xidməti çərşənbə günü məlumat yayıb.
"Giliz körfəzində potensial təhlükəli bir obyektin monitorinqi zamanı tapılan partlayıcı maddələrin dənizdən çıxarılması və daşınması həyata keçirildi", – deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sevastopol Baş İdarəsinin ixtisaslaşmış dəstəsinin rəis müavini Arsen Smailov qeyd edib.
Çərşənbə axşamı top mərmiləri, partladıcılar və minaatan minalarından ibarət bütün təhlükəli tapıntılar körfəzdən çıxarılıb, idarə olunan partlayışla zərərsizləşdirilərək xüsusi poliqona daşınıb.
Qeyd edək ki, yerli sakinlər körfəzin adını burada müharibə vaxtından qalma çoxlu sayda hərbi sursatın olması səbəbindən Giliz körfəzi qoyublar. Vaxtaşırı dalğalar təhlükəli hərbi sursatları vurub sahilə atır. Odur ki bu bölgə potensial təhlükəli ərazi hesab olunur və dənizin dibində daim axtarış prosesi aparılır.
"İşə mayın 21-dən başlamışıq. Ərazidə araşdırma apardıq, çəkilmiş kadrlara baxdıq və oradan müxtəlif məlumatlar əldə etdik, bunları birbaşa xəritələrə köçürdük və hesabata təhlükəli nöqtələri əlavə etdik. Hazırda uzaqdan idarə olunan vasitə ilə yalnız üç obyekti araşdıra bilmişik", – deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Sentrospas" dəstəsinin axtarış-xilasetmə vahidinin rəhbəri İqor Petrov vəziyyəti şərh edib.
Körfəzin dibini araşdırmaq üçün "Sentrospas" dəstəsinin və Fövqəladə Hallar Nazirliyinin personalından 20 mütəxəssis cəlb olunub.
"Hidra" hidrolokatorunun və "Falkon" uzaqdan idarə olunan sualtı vasitəsinin köməyi ilə bir hektardan çox dəniz qruntunu öyrənmək mümkün olub.