RUSİYA

Biotəhlükəsizlikdə Avrasiya modeli: Azərbaycanla Rusiya lokomotiv ola bilərlər

Ümid Mirzəyev hesab edir ki, Azərbaycan və Rusiya epidemioloji xarakterli fövqəladə halların aşkarlanaraq aradan qaldırılması üzrə birgə sistemin yaradılmasında önəmli rola malik ola bilərlər.
Sputnik

BAKI, 9 iyun — Sputnik. "Eurasia Press" Beynəlxalq Fondu "Avrasiya: ümumi biotəhlükəsizlik məkanı" platformasına start verir. Bu informasiya mübadiləsi meydanında Qafqazda ümumi regional biotəhlükəsizlik məkanının təşkilinin əsas elementləri kimi Rusiya və Azərbaycan arasında münasibətlərin müzakirəsi nəzərdə tutulur.

Azərbaycan və Rusiyanı, habelə digər ölkələri təmsil edən ekspertlərə, alimlərə və siyasətçilərə Qafqazda birgə biotəhlükəsizlik sisteminin yaradılmasının zəruriliyi barədə müzakirənin başlanması təklif olunur.

Bioloji təhlükələrə təklikdə qalib gəlmək mümkün deyil

"Eurasia Press" Beynəlxalq Fondunun prezidenti Ümid Mirzəyev qeyd edib ki, COVID-19 pandemiyasının genişlənməsi bioloji təhlükələrə təklikdə sinə gərməyin mümkün olmadığını bütün bəşəriyyətə əyani şəkildə nümayiş etdirib.

"Onlara sinə gərməyin yeganə yolu səylərin birləşdirilməsidir. Lakin burada realist olmaq və ardıcıl addımlar atmaq vacibdir. Zənnimcə, bu istiqamətdə ilk addım Qafqazda ümumi biotəhlükəsizlik məkanının yaradılması olmalıdır", - deyə o bildirib.

Mirzəyevin fikrincə, digər ölkələrin müqavimətinə baxmayaraq, bu məqsədə nail olunmasında Rusiya və Azərbaycan qərarlıdırlar. Belə ki, bu ölkələr praqmatik, ardıcıl və məsuliyyətli siyasət yürüdürlər.

Sanitar sədd

O həmçinin bildirib ki, məsuliyyətli yanaşma və mürəkkəb, münaqişəli vəziyyətləri effektiv həll etmək qabiliyyətini nümayiş etdirən Azərbaycan və Rusiya fövqəladə epidemioloji vəziyyətlərin aşkar edilməsi və onlara qarşı tədbir görülməsi üçün müştərək sistemin yaradılmasında aparıcı qüvvə ola bilərlər.

"Əminəm ki, yeni bioloji çağırış və təhlükələrdən müdafiə, Rusiyada Vladimir Putinin tapşırığı ilə yaradılan sanitar səddin formalaşdırılması işlərini birgə aparmaq, beləliklə də, birgə səylərlə Avrasiyada əməkdaşlığın yeni modelini yaratmaq lazımdır", - deyə o qeyd edib.

"Avrasiya: ümumi biotəhlükəsizlik məkanı" layihəsi çərçivəsində prioritet mövzular kimi Mirzəyev xüsusilə təhlükəli olan infeksiya ocaqlarının qarşısının alınması, lokallaşdırılması və onların dəf edilməsi üçün birgə iş mexanizmlərini, ümumi regional biotəhlükəsizlik məkanının təşkilinin əsas elementləri kimi Rusiya və Azərbaycan üçün zəruri olan Qafqazda vahid regional epidemioloji, baytarlıq və fitosanitar nəzarət sisteminin yaradılması perspektivlərini vurğulayıb.

Bir müddət əvvəl "Rosselxoznadzor" Rusiya və Azərbaycan arasında ticarət əlaqələrinin ardıcıl inkişaf etdiyini bəyan edib.

"Azərbaycan Rusiyaya pomidor, kartof, xiyar, alma və digər meyvə-tərəvəz məhsulları ixrac edən iri tədarükçülərdən biridir. Bundan əlavə, azərbaycanlılar rusiyalılara dondurulmuş balıq və süd məhsulları da çatdırırlar", - deyə "Rosselxoznadzor"-dan Sputnik Azərbaycan-a bildiriblər.

İdarədən həmçinin iki ölkənin baytarlıq və fitosanitariya sahəsində ixtisaslı mütəxəssisləri arasında konstruktiv işçi əlaqələrin olduğunu da bildiriblər.

Xatırladaq ki, Azərbaycan Rusiyadan kənd təsərrüfatı malları idxal edən ölkələr arasında ilk 10-luqdadır. Azərbaycandan başqa bu onluqda Cənubi Koreya, Misir, Qazaxıstan, Belarus, Ukrayna və Özbəkistan da var.