MƏDƏNİYYƏT

UNESCO-da "İpək Yolu gənclərin gözü ilə" foto-müsabiqə keçiriləcək

Sonda Türkiyə, Banqladeş, Böyük Britaniya, Çin, Efiopiya və Meksikadan olan fotoqraflardan ibarət münsiflər heyəti qalibləri seçəcək.
Sputnik

BAKI, 8 iyun — Sputnik. UNESCO-da "İpək Yolu gənclərin gözü ilə" 3-cü foto-müsabiqə keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, UNESCO-nun İpək Yolu Proqramı çərçivəsində təşkil edilən foto-müsabiqəyə avqustun 24-dək müraciət olunmalıdır. Hər il keçirilən "İpək Yolu gənclərin gözü ilə" adlı foto-müsabiqə İpək Yolu üzərində olan mədəni irs abidələri ilə bağlı baxışları kameraların obyektivi ilə əks etdirmək üçün yaxşı fürsətdir.

Gənclər tərəfindən çox vaxt ünsiyyət və özünü ifadə üçün güclü vasitə kimi istifadə edilən vizual sənətlər, xüsusilə də foto qloballaşan dünyamızın üzləşdiyi əsas məsələlər barədə məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynamaq potensialına malikdir.

Dünyanın bəlası olan pandemiya zamanı çoxsaylı təhsil və mədəniyyət ocaqlarının müvəqqəti bağlandığı bir dövrdə bu foto müsabiqə gənclərin bir-birləri ilə rəqəmsal məkanda əlaqə qurmaq və yaradıcılıqlarını, eləcə də post-pandemiya dünyamızı görmə qabiliyyətlərini bölüşmək üçün ideal platformadır.

Müsabiqə 14-17 və 18-25 yaş qruplarına bölünür. Müsabiqəyə "Tekstil və geyim" və "COVID-19 pandemiyası dövründə mədəniyyətlərarası mübadilə, o cümlədən tekstil və geyim" adlı iki mövzu ilə bağlı fotolar göndərmək tövsiyə olunur. Sonda Türkiyə, Banqladeş, Böyük Britaniya, Çin, Efiopiya və Meksikadan olan fotoqraflardan ibarət münsiflər heyəti qalibləri seçəcək.

Azərbaycanın gənc fotoqrafları da müsabiqədə iştirak etməyə dəvət olunurlar. Foto-müsabiqə ilə bağlı UNESCO-nun internet saytında aşağıdakı linkdə daha ətraflı məlumat almaq olar: https://unescosilkroadphotocontest.org/fr .

Əlavə suallar üçün Silkroadsphotocontest@unesco.org elektron ünvanına müraciət oluna bilər.