BAKI, 8 iyun — Sputnik. İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabunçu rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, bir neçə gün öncə də bir qadın qətlə yetirilmişdi. Belə ki, Sabunçu Rayon Məhkəməsinin hakimi, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, ümumlikdə ötən il ərzində 40 qadın qətlə yetirilib.